logo

Boksun Tokio Olimpiyadası proqramında qalacağı bəlli deyil

17:15 01-12-2018 | icon 2947
Boksun Tokio Olimpiyadası proqramında qalacağı bəlli deyil

Beynəlxalq Olimpiya Komitəsi (BOK) 2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməsində maraqlıdır.

YeniAvropa xəbər verir  ki, bunu BOK İcraiyyə Komitəsinin Yaponiya paytaxtında keçirilmiş iclasının yekunlarına dair mətbuat konfransında təşkilatın rəhbəri Tomas Bax deyib.

2020-ci ildə Tokioda keçiriləcək Olimpiya Oyunlarında boks turnirinin keçirilməyəcəyi ssenarisinin mümkünlüyü ilə bağlı suala cavab verən Bax vurğulayıb: “Biz Tokio Oyunlarında boks turnirinin keçirilməsi tərəfdarıyıq və bunun baş tutması üçün əlimizdən gələni edəcəyik”.

Xatırladaq ki. bir qədər əvvəl  BOK  qarşıdakı Olimpiya Oyunlarında boks turnirinin keçirilməsi planını “dondurmuşdu”. Beynəlxalq Boks Federasiyasının (AIBA) idarəetmə və maliyyə məsələləri üzrə hesabatları BOK-u qane etməyib. Bundan başqa, problemin yaranmasında AIBA-nın noyabr ayında keçirilən Moskva konqresində seçilmiş yeni prezidenti Qafur Rəhimovun xüsusi rolunun olduğu bildirilir. Belə ki, BOK seçkidən əvvəl kriminal aləmlə əlaqəsi olduğu ehtimal edilən və ABŞ-ın maliyyə sanksiyalarına məruz qalmış bu şəxsə namizədliyini geri götürməyi tövsiyə edib. BOK, həmçinin bu federasiyanın maliyyələşdirilməsi, bilet satışı, təsnifat sisteminin təsdiqi və tətbiqi, test tədbirləri və yarışların yekun qrafikinin hazırlanması üzrə prosesləri dayandırıb. AIBA-ya Olimpiya obyektləri, rəmzləri və reklam materiallarından istifadə etmək də qadağan olunub.

Bu məsələ ilə bağlı yekun qərar BOK-un 2019-cu ildə İsveçrənin Lozanna şəhərində keçiriləcək sessiyasında qəbul olunacaq. Bu sessiya Olimpiya Oyunlarına 14 ay qalmış baş tutacaq. Tokio Olimpiya Oyunları isə 2020-ci il iyulun 24-dən avqustun 9-dək keçiriləcək.