Belarusun paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunları ilə bağlı bilet satışına start verilib.
YeniAvropa xəbər verir ki, istənilən ölkənin vətəndaşı www.minsk2019.ticketpro.by saytı vasitəsilə bilet əldə edə bilər. Biletlərin qiyməti 5 Belarus rublundan (2 avro) 50 rubla qədər (20 avro) dəyişir.
II Avropa Oyunlarının açılış və bağlanış mərasimləri üçün isə biletin qiymətləri fərqlidir. Açılış mərasimi üçün biletlərin qiyməti 150-300 Belarus rublu (60-120 avro) olacaq. Bağlanış mərasimi üçün isə biletlər 70-150 rubla (28-60 avro) satışa çıxarılıb.
Qeyd edək ki, II Avropa Oyunları 2019-cu il iyunun 21-30-da Minskdə keçiriləcək. Oyunlarda 50 ölkədən 4 mindən çox atlet idmanın 15 növü üzrə 200 dəst medal uğrunda yarışacaq.
Xatırladaq ki, 2015-ci ildə Azərbaycanda keçirilən ilk Avropa Oyunlarında milli komandamız medalların sayına görə ikinci yeri tutub.