Dekabrın 2-də İrlandiyanın Dublin şəhərindəki Konvensiya Mərkəzində 2020-ci ildə keçiriləcək futbol üzrə Avropa çempionatının seçmə mərhələsinin püşkatma mərasimi təşkil olunacaq.
YeniAvropa xəbər verir ki, Bakı vaxtı ilə saat 15:00-da başlayacaq mərasimdə AFFA-nın prezidenti Rövnəq Abdullayev, vitse-prezident Elşad Nəsirov, baş katib Elxan Məmmədov, Azərbaycan milli komandasının baş məşqçisi Qurban Qurbanov, baş katibin müavini Sərxan Hacıyev, AFFA-nın nətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Firuz Abdulla, AFFA-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri, "Avro-2020"nin final mərhələsinin Bakıda keçiriləcək oyunları üzrə Əməliyyat Qrupunun layihə əlaqələndiricisi Könül Mehdiyeva və onun müavini, AFFA-nın infrastruktur direktoru Kamran Vəliyev iştirak edəcəklər.
Püşkatma mərasiminə yollanacaq AFFA nümayəndə heyətinin üzvləri “Avro-2020” ilə bağlı təşkil olunacaq müxtəlif tədbirlərin iştirakçısı olacaqlar. Püşkatmadan bir gün öncə - dekabrın 1-də Dublində milli assosiasiyaların və mətbuat xidmətlərinin rəhbərləri üçün seminarlar keçiriləcək. Tədbirlərdə, Elxan Məmmədov, Sərxan Hacıyev və Firuz Abdulla iştirak edəcəklər.
Xatırladaq ki, “Avro-2020”nin 4 qarşılaşması Bakı Olimpiya Stadionunda keçiriləcək. Bunlardan üçü qrup oyunları, biri isə dörddəbir final mərhələsinin qarşılaşmasıdır.