Beynəlxalq Futbol Tarixi və Statistikası Federasiyası (IFFHS) 2018-ci ilin yekunlarına dair dünyanın ən yaxşı klub baş məşqçilərinin siyahısını dərc edib.
YeniAvropa təşkilatın rəsmi saytına istinadla xəbər verir ki, 296 xal toplayan Madridin “Real” klubunun keçmiş baş məşqçisi Zinədin Zidan ilin ən yaxşı məşqçisi seçilib. Siyahıya görə, ikinci yeri alman mütəxəssis Yurgen Klopp (“Liverpul”, 109 xal), üçüncü yeri isə Xosep Qvardiola (“Mançester Siti”, 105 xal) tutublar. İlk beşliyi argentinalı Dieqo Simeone (“Atletiko”, 48 xal) və italiyalı Massimiliano Alleqri (“Yuventus” 33 xal) qapadıblar.
2018-ci ildə Zidan “Real”la birlikdə ard-arda üçüncü dəfə UEFA Çempionlar Liqasının qalibi olub. Fransalı məşqçinin bu göstəricisi futbol tarixində bir ilkdir. 2017/18 mövsümünün sonunda Zidan “Real” klubunun baş məşqçisi postunu tərk edib.