logo

Bakıda alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilir

12:58 24-11-2018 | icon 3752
Bakıda alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı keçirilir

Noyabrın 24-də Bakıda “Sərhədçi” İdman Olimpiya Kompleksində alpaqut Turan döyüş sənəti üzrə birinci dünya çempionatı start götürüb.

YeniAvropa xəbər verir  ki, dünya çempionatında bütün yaş qrupları üzrə 18 ölkədən 500-ə qədər idmançı qüvvəsini sınayır. Dünya çempionatında Azərbaycan ilə yanaşı, Türkiyə, Almaniya, Pakistan, Ukrayna, Əfqanıstan, Macarıstan, İran, Hindistan, Gürcüstan, Nepal, Qırğızıstan, Qazaxıstan, Rusiya, Kamerun, Türkmənistan, Nigeriya, Özbəkistan idmançıları aypara, batur, caymaz, və qurşaq sistemləri üzrə medallar uğrunda mübarizə aparırlar.

Dünya çempionatına noyabrın 25-də yekun vurulacaq.

“Alpaqut” sözünün mənası “müqəddəs döyüşçü” deməkdir. Alpaqut Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünyagörüşünü təmsil və təbliğ edən, eləcə də milli döyüş ənənələrini inkişaf etdirən, xüsusilə qədim türklərin döyüş mədəniyyətini müasir döyüş sənəti üzərində sistemləşdirən və dərin fəlsəfi-ideoloji məna dayısan idman növüdür. Alpaqut döyüş sənətinin yarış qaydaları dörd sistemdən- aypara, batur, caymaz və qurşaqdan ibarətdir.

Alpaqut türk döyüş sənətləri üzrə tədqiqatçı, beynəlxalq dərəcəli idman ustası Kutsan Vasif Namazov tərəfindən türkdilli xalqların qədim döyüş sənətinin müasir döyüş növləri ilə sintezləşdirilməsi ilə yaradılıb.

Dünya Alpaqut Federasiyasının prezidenti, Milli Məclisin deputatı Nizami Cəfərovdur. Federasiya 2014-cü ildən başlayaraq bir neçə beynəlxalq tədbir və yarışlar təşkil edib. Federasiyanın Azərbaycan başda olmaqla, Almaniya, Böyük Britaniya, Qırğızıstan, Çexiya, Türkiyə, Gürcüstan, İran, Pakistan, Hindistan, Livan, Macarıstan, Ukrayna, Əlcəzair, Qazaxıstan, Qırğızıstan, Nepal, Özbəkistan və Rusiya üzrə rəsmi nümayəndəlikləri fəaliyyət göstərir.