Bu gün Azərbaycan milli komandası UEFA Millətlər Liqasının qrup mərhələsinin altıncı turunda səfərdə Kosovo yığması ilə qarşılaşacaq.
YeniAvropa xəbər verir ki, Priştinadakı “Fadil Vokrri” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 23:45-də start götürəcək.
Qrup mərhələsində mübarizəyə Bakıda Kosovo ilə qolsuz heç-heçə etməklə başlayan yığma, Malta ilə hər iki dueldən 1:1 hesablı bərabərliklə ayrılıb. Əvəzində komanda Farer adalarını səfərdə 3, evdə isə 2 cavabsız qolla məğlub edib. Kosovo isə iki oyunda Maltanın qapısından ümumilikdə 8 top keçirməklə yanaşı (3:1, 5:0), Farer adaları ilə duellərdən 4 xal toplayıb (2:0, 1:1).
Beləliklə, Kosovo yığması hazırda 11 xalla 1-ci pillədədir. Hesabında 9 xalı olan Azərbaycan millisi qrup qalibi kimi C liqasına və pley-offa yüksəlmək üçün səfərdə mütləq qalib gəlməlidir. Əks halda, komanda yeni təsis edilən qaydalara görə AVRO-2020-yə vəsiqə qazanmaq şansını itirəcək.
Oyunu fransalı hakimlər briqadası idarə edəcək. Görüşün baş hakimi Benua Miyo olacaq. Medi Ramuni və Bertran Juannu yan xətt hakimi funksiyasını yerinə yetirəcəklər. Frank Şnayderlə Kərim Abed əlavə köməkçi, Benjamen Pajes isə dördüncü hakim olacaq. Qarşılaşmaya hakim-inspektor qismində rusiyalı Aleksandr Qvardis təyinat alıb. İtaliyalı Antonio Talariko isə UEFA nümayəndəsi vəzifəsini icra edəcək.
Görüş "CBC Sport" kanalında canlı yayımlanacaq.