logo

İngiltərə Xorvatiyanı məğlub edərək  növbəti mərhələyə yüksəlib

20:36 18-11-2018 | icon 3164
İngiltərə Xorvatiyanı məğlub edərək  növbəti mərhələyə yüksəlib

Noyabrın 18-də UEFA Millətlər Liqasının qrup mərhələsinin son turuna start verilib.

YeniAvropa xəbər verir  ki, turun açılış oyunu Londondakı “Uembli” stadionunda keçirilib. Burada İngiltərə millisi son dünya çempionatının finalçısı Xorvatiya seçməsini qəbul edib. Gərgin idman mübarizi şəraitində keçən matçın birinci hissəsində hesab açılmayıb.

İkinci hissədə ingilislərin üstün futbol nümayiş etdirmələrinə baxmayaraq, hesabı qonaqlar açıblar. “Dumanlı albion” futbolçularını əks hücumda yaxalayan xorvatlar Andrey Kramariçin qolu ilə hesabda önə keçiblər - 0:1. Qoldan sonra hücuma atılan ingilislər matçın 78-ci dəqiqəsində hesabı bərabərləşdiriblər. Meydanda yenicə daxil olmuş Cesi Lingard Hari Keynin ötürməsini qola çevirib - 1:1. Matçın 85-ci dəqiqəsində isə komandanın kapitanı Hari Keyn özü fərqlənərək qələbə topunu vurub - 2:1. Oyun elə bu hesabla başa çatıb.

Bu qələbədən sonra İngiltərə millisi xallarının sayını 7-yə çatdıraraq A liqasının 4-cü qrupunu lider kimi başa vurub və pley-off mərhələsinə vəsiqə qazanıb. Xorvatiya milli komandası isə A liqasını tərk edib.