logo

UEFA Millətlər Liqası: Azərbaycan yığması Farer Adalarını məğlub edib

23:15 17-11-2018 | icon 3437
UEFA Millətlər Liqası: Azərbaycan yığması Farer Adalarını məğlub edib

Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Farer Adaları yığmasını 2:0 hesabı ilə məğlub edib.

YeniAvropa xəbər verir  ki, noyabrın 17-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının D liqasının üçüncü qrupunda keçirdiyi növbəti oyununda Bakı Olimpiya Stadionunda Farer Adaları yığması ilə qarşılaşıb.

Oyunu kiprli hakimlər briqadası idarə edib. Qarşılaşmasının ilk hissəsi yığmamızın üstünlüyü ilə yadda qalıb. İlk dəqiqələrdən üstünlüyü ələ alan Azərbaycan yığması rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaradıb. Qarşılaşmanın 18-ci dəqiqəsində Azərbaycan millisinin üzvü Dmitri Nazarov müdafiəçilərin uzaqlaşdırdığı topu qüvvətli zərbə ilə qapıdan keçirib - 1:0. Matçın 27-ci dəqiqəsində Azərbaycan yığması hesab arasındakı fərqi iki topa çatdırıb. Mahir Mədətovun təxminən 30 metrdən vurduğu zərbə dəqiq olub.

İlk hissəsi bu hesabla da başa çatıb.

İkinci hissə qarşılıqlı hücumlar şəraitində keçsə də oyunda hesab dəyişməyib. Azərbaycan yığması Farer Adaları yığmasını 2:0 hesabı ilə məğlub edib.

Qrupun digər oyununda Malta yığması doğma meydanda Kosovo seçməsini qəbul edib.

Xatırladaq ki, dörd turdan sonra Qurban Qurbanovun yetirmələri 6 xalla qrupda ikinci pillədə qərarlaşıblar. Kosovo 8 xalla birinci, Farer Adaları 4 xalla üçüncü, Malta isə 2 xalla sonuncu yerdədir. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız oktyabrın 11-də səfərdə Farer Adaları yığmasının qapısından üç cavabsız top keçirib. Oktyabrın 14-də Bakı Olimpiya stadionunda keçirilən Azərbaycan-Malta oyununda isə qalib müəyyənləşməyib - 1:1.