Noyabrın 17-də Milli Gimnastika Arenasında akrobatika üzrə dünya kuboku yarışları başlayıb.
YeniAvropa xəbər verir ki, Bakıda ilk dəfə keçirilən beynəlxalq yarış Azərbaycan Gimnastika Federasiyasının təşkilatçılığı ilə baş tutub.
İki gün davam edəcək yarışlarda 2003-cü il təvəllüdlü və daha yuxarı yaşlı gimnastlar kişi və qadın cütlükləri, qarışıq cütlüklər, qadın və kişi qruplarının tərkibində mübarizə aparacaqlar.
Turnirdə Azərbaycan gimnastları ilə yanaşı, Belarus, İsrail, Qazaxıstan, Hindistan, Rusiya və Ukrayna atletləri də iştirak edirlər.
Ölkəmizi kubok yarışlarında sonuncu Avropa çempionatının bürünc medalçıları, qarışıq cütlüklərimiz Abdulla Əl-Məşayxi – Ruhidil Qurbanlı, Ağasif Rəhimov – Nurcan Cabbarlı təmsil edirlər. Kişi cütlükləri proqramında isə Dünya Yaş Qrupu Yarışlarının (2016-cı il) gümüş medalçıları Seymur Cəfərov – Murad Əkbərov ən yaxşı yerlər uğrunda mübarizə aparırlar.
Turnirdə ən yüksək xal toplamış cütlüklərə və qruplara ənənəvi “AGF Trophy” kuboku da təqdim olunacaq.