logo

Bakıda Yeniyetmələrin Avropa Olimpiya Festivalı keçiriləcək

16:31 10-11-2018 | icon 3108
Bakıda Yeniyetmələrin Avropa Olimpiya Festivalı keçiriləcək

Gələn il iyulun 20-28-də Bakıda Yeniyetmələrin Avropa Olimpiya Festivalı keçiriləcək. 

YeniAvropa xəbər verir  ki, bu haqda noyabrın 10-da İspaniyanın Marbella şəhərində Avropa Olimpiya Komitələrinin (AOK) 47-ci Baş Assambleyasında Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov təqdimatla çıxış edib. Nazir çıxışında festivala hazırlıq barədə məlumat verib. 

Azad Rəhimov bildirib ki, yarışlarda iştirak edəcək 3600 idmançının yerləşməsi üçün Atletlər kəndində altı bina nəzərdə tutulub. Atletlərin idmanın 10 növü - atletika, basketbol, velosiped, gimnastika, həndbol, cüdo, güləş, üzgüçülük, tennis və voleybol üzrə mübarizə aparacaqlarını qeyd edən nazir yarışların 12 arenada keçiriləcəyini diqqətə çatdırıb. Azad Rəhimov festivala Avropanın 50 ölkəsinin qatılacağını bildirərək, 48 ölkənin nümayəndə heyətlərinin rəhbərlərinin iştiraklarını təsdiqlədiklərini vurğulayıb.

İdman yarışlarının təşkilində mühüm rol oynayan könüllülər haqqında da məlumat verən nazir bu festivala hazırlıq işinə 2500 nəfərin cəlb olunacağını bildirib.

Təqdimat mərasimindən sonra iştirakçıların sualları cavablandırılıb.

AOK-un 47-ci Baş Assambleyasına noyabrın 11-də yekun vurulacaq.

Qeyd edək ki, “Bakı-2019”un açılış mərasimi gələn il iyulun 21-də “Baku Crystal Hall”da keçiriləcək.