logo

 "Qarabağ" UEFA Avropa Liqasında ilk qələbəsini qazandı

01:52 09-11-2018 | icon 3220
 "Qarabağ" UEFA Avropa Liqasında ilk qələbəsini qazandı

Futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turu çərçivəsində “Qarabağ”  səfərdə  “Vorskla” ilə qarşılaşıb.

YeniAvropa xəbər verir  ki, “Qarabağ”ın start heyətində Hannes Tur Halldorsson, Qara Qarayev, Maksim Medvedev, Simoen Slavçev, Miçel, Araz Abdullayev, Rəşad Sadıqov, Abdulah Zubir, Con Delarj, Yakub Jezniçak və Donald Gerye yer alıblar.

Ukraynanın “Vorskla” klubunun ilk onbirliyində isə meydana Boqdan Şust, İqor Perduta, Nadjip Yakubu, Aleksandr Sklya, Vladislav Kulaç, Vyaçeslav Şarpar, Vladimir Çesnakov, Vadim Sapay, Yuri Kolomoyets, Ardin Dallku və Pavlo Rebenyo çıxıblar.

Aleksey Butovski adına stadionda keçirilən qarşılaşmanı İsveçrədən olan hakimlər briqadası idarə edib. 

Matçın13-cü dəqiqəsində Maksim Medvedevə qarşı qayda pozuntusuna görə oyunun baş hakimi ukraynalıların qapısına 11 metrlik cərimə zərbəsi təyin edib. Araz Abdullayev dəqiq zərbə ilə adını tabloya yazdırıb - 0:1. Bu, ağdamlıların UEFA Avropa Liqasında ilk qolu olub.

Qoldan sonra hücumlarını davam etdirən Qurban Qurbanovun yetirmələri rəqibin qapısı qarşısında bir neçə təhlükəli vəziyyət yaratsalar da hesab dəyişməyib.

İlk hissə "Qarabağ"ın 1:0 hesablı üstünlüyü ilə başa çatıb.

Fasilədən sonra ukraynalı fanatlar meydana yandırıcı maddələr atdıqlarına görə isveçrəli referi oyunu dayandırıb.

Görüş bir neçə dəqiqədən sonra davam etdirilib. Buna baxmayaraq, hesab dəyişməyib. Beləliklə, “Qarabağ” səfərdə "Vorskla" klubunu məğlub edərək, turnirdə ilk qələbəsini qazanıb.

 

“E” qrupunun digər oyunu İngiltərədə oynanılıb. “Arsenal” klubu İngiltərənin “Sportinq” komandasını qəbul edib.

Üç turdan sonra “E” qrupuna 9 xalla “Arsenal” liderlik edir. “Sportinq”in 6, “Vorskla”nın 3 xalı var. Ağdam təmsilçisi qrupda keçirdiyi hər üç görüşdə uduzub.

Xatırladaq ki, UEFA Avropa Liqasının 2018-2019-cu il mövsümünün final oyunu gələn il mayın 29-da Bakı Olimpiya Stadionunda keçiriləcək.