Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) hazırkı prezidenti, sloveniyalı Aleksandr Çeferin qurumun başçısı vəzifəsinə yeganə namizəddir.
YeniAvropa UEFA-nın mətbuat xidmətinə istinadla xəbər verir ki,UEFA prezidenti seçkiləri gələn il fevralın 7-də Romada qurumun konqresində keçiriləcək.
Qurumdan bildirilib ki, UEFA prezidentliyinə namizədlərin müraciətlərinin qəbulu müddətinin noyabrın 7-də bitməsinə baxmayaraq, heç kim bu vəzifəyə namizədliyini irəli sürmək niyyətini açıqlamayıb.
Xatırladaq ki, bu il avqustun 21-də Sloveniya, İsveç, Norveç, Finlandiya, Danimarka, İtaliya, İslandiya, Rusiya və Farer adalarının futbol assosiasiyaları UEFA-ya rəsmi məktub ünvanlayaraq yeni seçkilər üçün sloveniyalı Aleksandr Çeferinin namizədliyini irəli sürərək, onu dəstəklədiklərini bildiriblər.
Qeyd edək ki, A.Çeferin UEFA prezidenti vəzifəsinə 2016-cı ilin sentyabrında seçilib.