Bizi çətin və vacib oyun gözləyir. Dördüncü oyunda uğurlu nəticəni yaxşı oyunla əldə etmək istərdik. “Vorskla” öz meydanında aqressiv oynayır. Futbolçularımızın ciddi mübarizə aparacaqlarını və diqqətli olacaqlarını gözləyirik. Ola bilər ki, matçın gedişində dəyişikliklər olsun. Buna hazır olmalıyıq.
YeniAvropa xəbər verir ki, bunu Ağdamın “Qarabağ” futbol klubunun baş məşqçisi Qurban Qurbanov UEFA Avropa Liqasının qrup mərhələsinin dördüncü turunda Poltavada Ukraynanın “Vorskla” komandası ilə keçiriləcək oyundan əvvəl təşkil olunan mətbuat konfransında deyib.
Q.Qurbanov bildirib ki, bu komandaya qarşı daha yaxşı oyun sərgiləmək olar. Amma belə rəqibləri nə üstün, nə də aşağı saymıram. Onlar bizdən daha üstün olan Ukrayna çempionatında oynayırlar.
“Daha güclü çempionatlardan olan, ustalıq səviyyələri yüksək komandalara qarşı çıxış etmişik. Bakıdakı görüşdə rəqibdən zəif deyildik. Ola bilər ki, rəqib doğma meydanda daha fəal, aqressiv oynasın. Buraya yaxşı oyun və nəticə üçün gəlmişik. İstənilən rəqibə qarşı belə istəklə çıxacaqdıq. Lakin rəqibə hörmətlə yanaşırıq. “Vorskla”nın öz oyun üslubu var. Çalışacağıq ki, azarkeşlərimizi sevindirək”, - deyə baş məşqçi əlavə edib.