Fransanın “Pari Sen-Jermen” klubu İspaniyanın “Real” komandasının portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ilə müqavilə imzalamaq və ona beş il üçün 300 milyon avro ödəmək niyyətindədir. YeniAvropa TASS informasiya agentliyinə istinadla xəbər verir ki, 32 yaşlı hücumçunun “Real” klubu ilə müqaviləsi iyunun 30-da bitməlidir. İspaniya KİV-lərinin məlumatına əsasən, futbolçu bu klubdakı məvacibindən narazıdır. PSJ-nin təklif etdiyi məbləğ isə argentinalı Leonel Messinin “Barselona” klubunda qazandığı vəsait ilə müqayisə olunur. Fransızların artıq Ronaldo ilə danışıqlara başladığı bildirilir.
PSJ maliyyə “fair-play” qaydalarını pozmamaq üçün bu müqavilədən öncə azı 70 milyon avro dəyərində oyunçu satmalıdır. “El Confidencial” elektron qəzetinin məlumatına görə, PSJ Havyer Pastore, Anhel Di Mariya, Yulian Draksler və ya Marko Veratti ilə vidalaşa bilər. Nəşr qeyd edir ki, Ronaldonun kluba keçməsi ilə bağlı sövdələşməyə parislilərin uruqvaylı forvardı Edinson Kavani də daxil edilə bilər. PSJ rəhbərliyinin fikrincə, portuqaliyalı sponsor müqavilələri üzrə gəlirlər baxımından uruqvaylıdan daha cəlbedicidir.
Qeyd edək ki, Kriştiano Ronaldo 2009-cu ildən “Real” klubunun şərəfini qoruyur. O, Çempionlar Liqasının dördqat qalibi, Avropa çempionu, beşqat “Qızıl top” mükafatçısı, həmçinin İspaniya və İngiltərə çempionu, İspaniya və İngiltərə kuboku və superkubokunun, həmçinin UEFA superkubokunun sahibi, dünya klub çempionatının qalibidir.