logo

Güləşçilərimiz ötən il 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazanıblar

18:16 05-01-2018 | icon 2548
Güləşçilərimiz ötən il 94 qızıl, 69 gümüş, 131 bürünc medal qazanıblar

Ötən il Azərbaycan güləşçiləri üçün uğurlu və yaddaqalan olub. Yığma komandalarımız iştirak etdikləri beynəlxalq turnir və çempionatlarda yüksək nailiyyətlər əldə ediblər.Azərbaycan Güləş Federasiyasından YeniAvropa-ya bildiriblər ki, güləş üzrə yığma komandalarımızın üzvləri 2017-ci ildə iştirak etdikləri rəsmi beynəlxalq yarışlarda - Avropa və dünya çempionatlarında və IV İslam Həmrəyliyi Oyunlarında 33 qızıl, 29 gümüş, 37 bürünc olmaqla ümumilikdə 99 medal qazanıblar.

Son doqquz ilə nəzər yetirdikdə rəsmi yarışlarda güləşçilərimizin nailiyyətlərinin ildən-ilə artdığını görürük. Belə ki, 2009-cu ildə 47, 2010-cu ildə 66, 2011-ci ildə 67, 2012-ci ildə 71, 2013-cü ildə 70, 2014-cü ildə 65, 2015-ci ildə 82 medal, 2016-cı ildə 86 medal qazanılıb.

İlin əvvəlində Dünya Kuboku yarışlarına qatılan böyüklərdən ibarət sərbəst və yunan-Roma güləşi üzrə yığma komandalarımız ənənəyə sadiq qalaraq ilk üçlükdə qərarlaşıb. İranda keçirilən yarışları yunan-Roma güləşçilərimiz ikinci, sərbəst güləşçilərimiz isə üçüncü sırada başa vurublar.

Serbiyanın Novı Sad şəhərində keçirilən Avropa çempionatında 2 qızıl, 2 gümüş və 3 bürünc medal qazanan güləşçilərimiz sərbəst və qadın güləşçilərimiz komanda hesabında ikinci nəticə göstəriblər.

Paytaxtımızda təşkil olunan IV İslam Həmrəyliyi Oyunlarını güləşçilərimiz 12 qızıl, 6 gümüş və 5 bürünc medalla başa vurublar.

Parisdə keçirilən dünya çempionatını da güləşçilərimiz üçün uğurlu hesab etmək olar. Yığma komandalarımız çempionatı 1 qızıl və 2 bürünc medalla başa vursa da, sərbəst güləşçi Hacı Əliyevin üçüncü dəfə dünya çempionu adını qazanması ilə güləş tariximizdə yeni səhifə yazılıb.

Litvanın Klaypeda şəhərində keçirilən hərbçilərin dünya çempionatını pəhləvanlarımız 2 qızıl, 3 gümüş və 6 bürünc medalla tamamlayıblar. Sərbəst güləşçilərimiz komanda hesabında dünya üçüncüsü olub.

Macarıstanın Sombateli şəhərində keçirilən 23 yaşadək güləşçilərin (U-23) Avropa çempionatını komandamız 5 qızıl, 1 gümüş və 5 bürünc medalla tamamlayıb. Medal əyarına görə yunan-Roma güləşçilərimiz 3 qızıl medalla çempionatı birinci sırada tamamlayıblar. Komanda hesabında isə yığmamız Avropa üçüncüsü adını qazanıb.

Polşanın Bıdqoş şəhərində tarixdə ilk dəfə keçirilən 23 yaşadək güləşçilərin dünya çempionatında isə yığmalarımız 5 bürünc medal əldə ediblər.

Almaniyanın Dortmund şəhərində təşkil edilən gənclər arasında Avropa çempionatında pəhləvanlarımız ümumilikdə 3 qızıl, 3 gümüş və 1 bürünc medala sahib olublar. Sərbəst güləşçilərimiz komanda hesabında ikinci nəticə göstəriblər.

Finlandiyanın Tampere şəhərində keçirilən mundialda Azərbaycan yığması 1 qızıl, 1 gümüş və 5 bürünc medal qazanıb.

Ötən il yeniyetmə güləşçilərimiz üçün də uğurlu olub. Pəhləvanlarımız Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda təşkil edilən qitə birinciliyində 10 (4 qızıl, 3 gümüş və 3 bürünc) medal qazanıblar. Sərbəst güləşçilərimiz 2016-cı ildə olduğu kimi ötən il də komanda hesabında ikinci yeri tutublar.

Yunanıstanın paytaxtı Afinada keçirilən dünya çempionatında da güləşçilərimiz 10 (3 qızıl, 5 gümüş və 2 bürünc) medal əldə ediblər. Sərbəst güləşçilərimiz komanda hesabında üçüncü yerdə qərarlaşıblar.

Bundan başqa, yığma komandalarımız 2017-ci ildə iştirak etdikləri digər beynəlxalq turnirlərdə 195 medal qazanıblar. Bu medalların 61-i qızıl, 40-ı gümüş və 94-ü isə bürüncdür.

Beləliklə, 2017-ci il ərzində güləşçilərimiz ümumilikdə 294 medal, o cümlədən 94 qızıl, 69 gümüş, 131 bürünc qazanıblar. Bu medallardan 136-sı yeniyetmə, 51-i gənc güləşçilərin payına düşür. İl ərzində U-23 Avropa və dünya çempionatlarında 16 medal qazanan güləşçilərimiz, böyüklərin yarışında 91 medala sahib olublar. Ötən il pəhləvanlarımızın qazandıqları medalların 156-sı sərbəst, 102-si yunan-Roma, 36-sı isə qadın güləşçilərin payına düşüb.