logo

Yunan-Roma güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu

21:08 26-10-2018 | icon 3591
Yunan-Roma güləşçimiz Eldəniz Əzizli dünya çempionu oldu

Azərbaycanın yunan-Roma güləşçisi Eldəniz Əzizli Macarıstanın paytaxtı Budapeştdə keçirilən dünya çempionatında qızıl medal qazanıb.

YeniAvropa Azərbaycan Güləş Federasiyasına istinadla xəbər verir  ki, 55 kq çəki dərəcəsində yer alan 26 yaşlı pəhləvan finalda Qırğızıstan təmsilçisi Jolaman Şarşenbekovu 59 saniyəyə tam üstünlüklə məğlub edib. Bununla da Əzizli bu il ərzində daha bir titul qazanıb. O, mayda Rusiyanın Kaspiysk şəhərində Avropa çempionu olmuşdu.

Əzizli yarımfinaladək macarıstanlı, çinli və yaponiyalı rəqiblərinə heç bir şans vermədən qələbə qazanıb. Onun çətin görüşü finala gedən yolda gürcüstanlı Nuqzari Tsurtsumiyaya qarşı olub. Əzizli bu qarşılaşmadan 6:3 hesablı üstünlüklə ayrılmağı bacarıb.

Bu, Azərbaycanın hazırkı dünya çempionatında ilk qızıl medalı olub. Daha əvvəl sərbəst güləşçi Cəbrayıl Həsənov (79 kq) və qadın güləşçi Mariya Stadnik (50 kq) gümüş, İrina Netreba (65 kq) bürünc medal qazanıb. Rəsul Çunayev (72 kq) və İslam Abbasov (87 kq) isə bürünc medal görüşünə çıxacaqlar.

Eldəniz Əzizli final görüşündən sonra mundialdakı çıxışı haqqında danışıb.
Yunan-Roma güləşçimiz qələbəsini belə şərh edib: "Uğurumun səbəbi baş məşqçi Şaban Donatın düzgün məşq sistemidir. Bütün komanda məşqçilərimizin düzgün məşq sistemi sayəsində yaxşı hazırlıq keçmişdi. İnanıram ki, medalların davamı olacaq. Hər zaman yanımızda olan bütün məşqçilərimizə minnətdarlığımı bildirirəm. Dünya çempionatından əvvəl açıqlanan reytinqdə lider olduğum üçün favorit sayılırdım. Buna baxmayaraq, yarışın stressi var idi. Çünki istənilən halda, bu, dünya çempionatının finalı idi".  
Əzizli bu il çox uğurlu çıxış etməsinin səbəbini belə izah edib: "2-3 il əvvəl çəkiləri dəyişmişdilər. Əvvəlki çəki sistemi mənə bir az ağır gəlirdi. Yenidən öz çəkimi qaytardılar. Allaha şükürlər olsun. Məşqçimiz Turac Hüseynli mənim rəqiblərimdən qat-qat güclü olduğumu deyirdi. Bu da mənə stimul verirdi. Həm əlimdə, həm də dizimdə zədə vardı. Ancaq şükürlər olsun ki, çempion ola bildim. Növbəti hədəfim olimpiya çempionluğudur".
Güləşçimiz qələbəsini bir neçə ay əvvəl vəfat edən jurnalist Akif Şahverdiyevin ruhuna ithaf etdiyini də bildirib.