logo

Mariya Stadnik dünya çempionatının yarımfinalına yüksəlib

17:57 24-10-2018 | icon 2968
Mariya Stadnik dünya çempionatının yarımfinalına yüksəlib

Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə dünya çempionatı davam edir.

YeniAvropa xəbər verir  ki, yarışın 5-ci günündə qadınlardan ibarət yığmamızın son 4 üzvü mübarizəyə start verib.

Güləşçilərimizin ikisi 1/8 finaldan, ikisi isə təsnifat mərhələsindən yarışa başlayıb.

Qadınlardan ibarət yığmamızın kapitanı Mariya Stadnik (50 kq) 1/8 finalda isveçli rəqibinə vaxtından əvvəl qalib gəlib. Sonra güləşçimiz dünya çempionu və Rio Olimpiadasının bürünc medalçısı olan çinli rəqibinə heç bir şans tanımayıb və adını yarımfinala yazdırıb.

Anjela Doroqanın (53 kq) da startı parlaq alınıb. Yığmamızın üzvü 1/8 finalda Çin Taypeyindən olan güləşçini çətinlik çəkmədən məğlub edib.

Alyona Kolesnik (57 kq) ilk mərhələdə son Olimpiya və ikiqat dünya çempionu ilə üz-üzə gəlib. Ancaq titullu rəqibindən qətiyyən çəkinməyən güləşçimiz amerikalı rəqibinə ikinci hissədə tuşe ilə qalib gəlib. Ancaq növbəti mərhələdə çinli həmkarına müqavimət göstərə bilməyib. Elmira Qəmbərovanın (62 kq) Bolqarıstan təmsilçisi ilə görüşü gərgin idman mübarizəsi şəraitində keçib. Hesabda 3:0 önə keçən həmyerlimiz üstünlüyünü qoruya bilməyib. Sonda bərabərlik qeydə alınsa da, rəqib ilk hissənin sonunda 4 xallıq fəndi dəqiq icra etdiyindən növbəti mərhələyə yüksəlib.