logo

Azərbaycan yığması səfərdə Farer Adalarına qarşı oynayacaq

13:11 11-10-2018 | icon 3206
Azərbaycan yığması səfərdə Farer Adalarına qarşı oynayacaq

Oktyabrın 11-də futbol üzrə Azərbaycan yığması UEFA Millətlər Liqasının qrup mərhələsi çərçivəsində növbəti oyununu keçirəcək. YeniAvropa xəbər verir  ki, D liqasında 3-cü qrupda yer alan Azərbaycan seçməsi səfərdə Farer Adaları yığması ilə qarşılaşacaq. Paytaxt Torshavnda “Torsvollur” stadionunda baş tutacaq görüş Bakı vaxtı ilə saat 22:45-də start götürəcək.

Oyunun baş hakimi rusiyalı Aleksey Yeskov olacaq. Ona həmyerliləri Dmitri Mosyakin və Anton Averianov kömək edəcəklər. Dördüncü hakim funksiyasını Valeri Dançenko yerinə yetirəcək.

Qrupun digər oyununda Kosovo millisi doğma meydanda Malta seçməsini qəbul edəcək.

Azərbaycan yığması UEFA-nın yeni təsis etdiyi turnirin ilk iki oyununda qələbə qazana bilməyib. Milli komandamız UEFA Millətlər Liqasının D liqasının 3-cü qrupunda Farer Adaları, Malta və Kosovo milliləri ilə mübarizə aparır. İki turdan sonra Qurban Qurbanovun yetirmələri 2 xalla qrupda üçüncü pillədə qərarlaşıblar. Sentyabrın 7-də Bakıda Kosovo seçməsi ilə heç-heçə (0:0) edən Azərbaycan yığması üç gün sonra Malta səfərindən bir xalla qayıdıb – 1:1. Komandamız növbəti görüşünü oktyabrın 14-də Bakıda Malta yığmasına qarşı keçirəcək.

Farer Adaları isə doğma meydanda maltalıları məyus etdiyi halda (3:1) Kosovo seçməsinə məğlub olub (0:2).