logo

Buenos-Ayresdə Yeniyetmələrin III Olimpiya Oyunlarının məşəli alovlandırılıb

18:36 07-10-2018 | icon 3129
Buenos-Ayresdə Yeniyetmələrin III Olimpiya Oyunlarının məşəli alovlandırılıb

Argentinanın paytaxtı Buenos-Ayresdə III Yay Olimpiya Oyunlarının açılışı olub. Mərasim idman festivalı çərçivəsində paytaxtın mərkəzi küçələrinin birində - 9 iyul prospektində baş tutub. Bu möhtəşəm tədbiri 200 mindən çox insan izləyib.

YeniAvropa xəbər verir  ki, komandalar ölkələrinin milli bayraqları ilə təntənəli şəkildə insanların önündən keçiblər. Azərbaycan Respublikasının dövlət bayrağını boksçu Nurlan Səfərov daşıyıb.

Mərasimi Beynəlxalq Olimpiya Komitəsinin prezidenti Tomas Bax açıb.

Argentinanın məşhur idmançıları Pedro İbarra və Sesilia Karrantsa Olimpiya məşəlini 1936-cı ildə şəhərin 400 illiyi münasibətilə inşa edilmiş və yerli sakinlər tərəfindən El Obelisco adlandırılan abidənin önündə alovlandırıblar.

Argentina Prezidenti Maurisio Makri Oyunları açıq elan edib.

Qeyd edək ki, Olimpiadada 206 ölkədən 4 mindən çox idmançı iştirak edir. Bu möhtəşəm idman tədbirində Kosovo və Cənubi Sudan ilk dəfə çıxış edəcəklər.

Azərbaycan Yeniyetmələrin III Yay Olimpiya Oyunlarında 17 idmançı ilə təmsil olunur. İdmançılarımız gimnastika, boks, atletika, güləş, cüdo, üzgüçülük, taekvondo və stolüstü tennis idman növlərində mübarizə aparacaqlar.

Bu gün cüdo, stolüstü tennis, taekvondo, idman gimnastikası üzrə atletlərimiz yarışlara qatılacaqlar. Əvvəlcə cüdoçularımız Vüsalə Kərimova (44 kq) və Vüqar Talıbov (66 kq) qüvvələrini sınayacaqlar. Stolüstü tennis üzrə Jing Ning və daha sonra Xinhang Yu mübarizəyə qoşulacaqlar. İdman gimnastikası üzrə Səməd Məmmədli də bu gün Olimpiadada çıxış edəcək.

“Buenos-Ayres-2018”ə idmançılarla yanaşı, Azərbaycanın gənclər və idman naziri Azad Rəhimov, Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə, komitənin baş katibinin müavini Azər Əliyev, federasiya nümayəndələri və digər rəsmilər də yola düşüblər.

Ölkəmiz 2010-cu ildən Yeniyetmələrin Olimpiya Oyunlarında iştirak edir.

Oyunların cədvəlinə rəsmi olaraq dörd idman növü əlavə edilib. Bunlar dırmanma, karate, idman rəqsi və təkərli konkisürmə idman növləridir. “Buenos-Ayres-2018”də iştirak edəcək idmançılar 15-18 yaş kateqoriyasına daxildir və bu Oyunlar gender bərabərliyinin qorunması ilə fərqlənir.

Yeniyetmələrin III Olimpiya Oyunlarının keçirilməsi əsasən dörd ərazi üzrə planlaşdırılıb. Bunlar Urban, Yaşıl, Teknopolis və Olimpiya parklarıdır. Yeniyetmələrin Olimpiya Oyunlarına daxil olan idman və yaşayış qurğularının ümumi sayı 16-dır.