Rusiya prezidenti Vladimir Putin Həbib Nurməhəmmədova zəng edərək onu Konor Makqreqor üzərində qazandığı qələbə münasibətilə təbrik edib.
YeniAvropa xəbər verir ki, bu barədə döyüşdən sonra keçirdiyi mətbuat konfransında rusiyalı idmançı özü bildirib.
Xatırladaq ki, bu gün qarışıq döyüş növlərinin (MMA) UFC 229 kateqoriyası üzrə ən güclü idmançılar hesab edilən Həbib Nurməhəmmədov və irlandiyalı Konor Makqreqor arasında döyüş keçirilib. Dağıstanlı idmançı dördüncü raundda hakimlərin yekdil qərarı ilə Makqreqor üzərində qələbə qazanıb. UFC bu döyüşdən 17 milyon dollar gəlir əldə edib. Döyüşü “T-Mobile Arena”da 20 mindən çox azarkeş canlı izləyib.
UFC-nın prezidenti Dana Uayt döyüşdən sonra zalda yaranmış qalmaqala münasibət bildirərkən deyib ki, Həbib yüngül çəki dərəcəsində UFC çempionu titulundan məhrum edilə bilər: “O, cərimə və ya diskvalifikasiya oluna bilər. Əgər diskvalifikasiya uzunmüddətli olacaqsa, biz onu çempion titulundan məhrum edəcəyik. Əlbəttə ki, sanksiyalar olacaq”.
UFC prezidenti, həmçinin qeyd edib ki, araşdırmanın sonuna qədər rusiyalı idmançı döyüşə görə nəzərdə tutulan iki milyon dollar məbləğində qonorarı almayacaq. İdmançıya, həmçinin televiziya yayımından əldə olunan gəlirdən faiz də ödənilməyə bilər.
Həbib Nurməhəmmədov döyüşdən sonrakı hərəkətinə görə üzr istəyib, peşman olduğunu deyib: “Bu, mənim pis hərəkətim idi. Niyə hamı bu barədə danışır? Konorun döyüşdən əvvəl söylədiklərini hamı bilir. O, mənim dinim, ölkəm, atam barədə danışdı, avtobusa hücum etdi, bəs buna nə deyərdiniz?”.
İdmançı əlavə edib ki, çempionluq kəməri hələ ondadır: “Mən artıq məğlubedilməz çempionam”.