logo

Güləşçilərimiz DÇ-nın favoriti olduqlarını Budapeştdə bir daha təsdiqləyəcəklər

18:42 04-10-2018 | icon 3045
Güləşçilərimiz DÇ-nın favoriti olduqlarını Budapeştdə bir daha təsdiqləyəcəklər

Oktyabrın 20-dən 28-dək Macarıstanın paytaxtı Budapeştdə keçiriləcək dünya çempionatının favoritlərindən olan Azərbaycan yığması mundialda yüksək nəticələr qazanmaq üçün potensialından tam istifadə edəcək. Sərbəst, yunan-Roma və qadın güləşi üzrə komandalarımız dünyanın ən güclüləri sırasında yer almağa çalışacaqlar.

YeniAvropa xəbər verir  ki, bu fikirləri Azərbaycan Güləş Federasiyasının vitse-prezidenti, Milli Olimpiya Komitəsinin üzvü Elçin Cəfərov deyib.

O, Azərbaycan pəhləvanlarının dünya miqyasında güclü rəqib kimi qəbul edildiyini vurğulayaraq deyib: “Rusiyanın Kaspiysk şəhərində keçirilmiş son Avropa çempionatında uğurlu çıxışdan sonra güləşçilərimiz dünya çempionatına hazırlıq məqsədilə təlim-məşqləri davam etdiriblər. Favorit olduğumuzu Macarıstanda bir daha təsdiqləməliyik. Hazırda yığmalarımız “Sərhədçi” İdman Olimpiya Mərkəzində son məşqlər keçirlər. Mundialda çıxış edəcək heyət yoxlama görüşlərindən sonra məlum olacaq. Bəzi güləşçilərimiz zədəli olduqları üçün həkimlərin rəyindən sonra onların yarışlarda iştirak edib-etməyəcəkləri aydınlaşacaq”, - deyə federasiyanın vitse-prezidenti əlavə edib.

Elçin Cəfərov qeyd edib ki, Macarıstan mundialı 2019-cu ildə Qazaxıstanın Astana şəhərində keçiriləcək Tokio Yay Olimpiya Oyunlarına lisenziya verən dünya çempionatı üçün bir növ yoxlama xarakteri daşıyır.