logo

Dünya çempionatında voleybolçularımız Koreya yığmasını məğlub edib

12:43 30-09-2018 | icon 3332
Dünya çempionatında voleybolçularımız Koreya yığmasını məğlub edib

Sentyabrın 30-da qadın voleybolçulardan ibarət Azərbaycan millisi Yaponiyada keçirilən dünya çempionatında Koreya Respublikasının yığması ilə qarşılaşıb.

YeniAvropa xəbər verir  ki, baş məşqçi Faiq Qarayevin rəhbərliyi altında millimiz çempionatda Rusiya, ABŞ, Tailand, Trinidad, Tobaqo və Koreya Respublikası yığmaları ilə birgə “C” qrupunda mübarizə aparır. Millimiz ilk görüşünü dünən ABŞ yığmasına qarşı keçirib və gərgin keçən oyunda 3:0 hesabı ilə məğlub olub.

Koreya Respublikasının yığmasına qarşı oyunda komandamızın heyətində Yana Əzimova, Anastasiya Qurbanova, Odina Əliyeva, Ayşən Əbdüləzimova, Alena Həsənova, Yelizaveta Səmədova, Natalya Məmmədova, Yana Kulan, Kristina Yaqubova, Aynur İmanova, Yuliya Kərimova, Polina Rəhimova, Şəfaqət Alışanova və Bəyaz Əliyeva yer alıblar.

Oyunun birinci hissəsində tam üstünlüyə malik olan idmançılarımız 25:18 hesabı ilə qalib gəliblər.

İkinci seti də idmançılarımızın tam üstünlüyü şəraitində davam edib və voleybolçu qızlarımız Koreya Respublikasının millisini 25:18 hesabı ilə məğlub ediblər – 2:0.

Oyunun üçüncü setində psixoloji üstünlüyü ələ alan Koreya Respublikasının idmançıları 25:23 hesabı ilə qalib gəliblər – 2:1.

Oyunun dördüncü setində özünü ələ almağı bacaran millimiz Koreya Respublikasının idmançılarını növbəti dəfə 25:18 hesabı ilə məğlub ediblər – 3:1.

Azərbaycan millisi növbəti görüşü oktyabrın 2-də Rusiya yığmasına qarşı keçirəcək.