logo

Batumidə 43-cü Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

22:11 24-09-2018 | icon 3430
Batumidə 43-cü Ümumdünya Şahmat Olimpiadasının açılışı olub

Gürcüstanın Batumi şəhərindəki Qara Dəniz Arenada “Batumi-2018” 43-cü Ümumdünya Şahmat Olimpiadasının rəsmi açılışı olub.

YeniAvropa xəbər verir  ki, tədbiri Gürcüstanın elm, təhsil, mədəniyyət və idman naziri Mixail Batiaşvili açaraq qonaqları salamlayıb, idmançılara uğurlar arzulayıb.

Gürcüstan Prezidenti Georgi Marqvelaşvili, Acarıstan Muxtar Respublikası hökumətinin rəhbəri Tornike Rijvadze, FIDE prezidentinin müavini və FIDE prezidentliyinə namizəd Qeorqios Makropulos, beşqat dünya çempionu, şahmat olimpiadalarında 11 dəfə qalib olmuş, “Batumi-2018”in xoşməramlı səfiri Nona Qaprindaşvili və başqaları çıxış edərək möhtəşəm idman yarışının əhəmiyyətindən danışıblar.

Sonra tədbir konsert və şou proqramla davam edib. Tanınmış müğənni və şoumenlər maraqlı konsert proqramı ilə çıxış ediblər.

Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) sponsoru olduğu olimpiadada 185 ölkədən 4 minə yaxın şahmatçı və nümayəndə heyətlərinin iştirakı gözlənilir.

Qeyd edək ki, Azərbaycanı yarışda kişi və qadınlardan ibarət iki komanda təmsil edəcək. Qədir Hüseynovun rəhbərlik etdiyi kişilərdən ibarət komandada ölkəmizin idman şərəfini Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Arkadi Naidiç, Rauf Məmmədov və Eltac Səfərəli qoruyacaqlar. Qadınlardan ibarət komandada isə Günay Məmmədzadə, Zeynəb Məmmədyarova, Xanım Balabəyova, Gülnar Məmmədova və Ülviyyə Fətəliyeva mübarizə aparacaqlar. Komandanın məşqçisi Fikrət Sideyifzadədir.

Olimpiada çərçivəsində oktyabrın 3-də FIDE-nin 89-cu Baş Assambleyası da keçiriləcək və federasiyanın yeni prezidenti seçiləcək.