Beynəlxalq Şahmat Federasiyası (FIDE) şahmatçıların 2018-ci ilin yanvar ayı üçün reytinq siyahısını açıqlayıb. YeniAvropa FIDE-nin saytına istinadla xəbər verir ki, Azərbaycan şahmatçısı, üçqat Avropa çempionu Şəhriyar Məmmədyarov üçüncü sıradakı mövqeyini daha da möhkəmləndirib. Şahmatçımız əmsalını 2804 xala çatdırıb. O, FIDE-nin dekabr ayı üçün reytinq siyahısındakı əmsalını 5 xal yaxşılaşdırıb.
Digər şahmatçılarımızdan Teymur Rəcəbov (2748) dekabr ayı ilə müqayisədə iki pillə geriləyərək 19-cu sırada qərarlaşıb. Öz əmsalını və mövqeyini qoruyan Rauf Məmmədov (2709) 40-cı, iki pillə irəliləyən Arkadi Naydiç (2701, ötən ay 2705) isə 41-ci sıradadırlar.
Reytinq siyahısına hazırkı dünya çempionu, norveçli Maqnus Karlsen (2837) başçılıq edir. ABŞ şahmatçısı Fabiano Karuana isə 2811 xalla ikinci yerdədir.