logo

Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb

16:56 22-04-2024 | icon 581
Xəzər dənizindən İrandan Azərbaycana icazəsiz keçən 2 nəfər saxlanılıb

Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin Baş Komanda Nəzarət Mərkəzi Xəzər dənizinin Ələt reydində cənuba doğru sürətlə hərəkət edən naməlum üzmə vasitələrini müşahidə edib. Aşkarlanmış hədəfin saxlanılması məqsədilə dövlət sərhədinin mühafizəsində olan sərhəd gözətçi gəmisi tərəfindən təqibetmə əməliyyatına başlanılıb, sahil nəzarəti bölmələri aidiyyəti üzrə məlumatlandırılıb və sahil xəttinin qapadılması üzrə təxirəsalınmaz tədbirlər görülüb. Sərhəd gözətçi gəmisi tərəfindən aşkarlanmış hədəfi dayandırmaq məqsədilə xəbərdarlıq atəşi açılıb.

YeniAvropa xəbər verir ki, bu barədə DSX-nin mətbuat mərkəzindən məlumat verilib.

Bildirilib ki, Sahil Mühafizəsinin sərhəd gözətçi gəmiləri, sahil nəzarəti bölmələri, o cümlədən Xüsusi Hava Əməliyyatları Qüvvələrinin helikopter və pilotsuz uçuş vasitələri tərəfindən Xəzər dənizinin Azərbaycan Respublikasına mənsub bölməsinin cənub istiqamətində təşkil olunmuş sərhəd axtarışı nəticəsində İran İslam Respublikasına məxsus iki nəfər heyət üzvü olan layner tipli qayıq saxlanılıb.

Araşdırma zamanı saxlanılan şəxslərin İran İslam Respublikası vətəndaşları 1991-ci il təvəllüdlü Muxtar Əbdi Yalci və 2000-ci il təvəllüdlü Əli Bəhrami Məhhəmməd olduqları, dövlət sərhədini narkotik vasitələri qeyri-qanuni yolla ölkə ərazisinə keçirmək məqsədilə pozduqları müəyyənləşdirilib.

Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində sərhəd pozucuları dənizə atılmış 8 bağlamada 20 kiloqram 400 qram narkotik vasitə marixuana aşkarlayaraq götürüblər.

Fаkt üzrə əməliyyаt-istintaq tədbirləri dаvаm еtdirilir.