logo

Norveçli səyyahlar Şuşaya səfər ediblər

14:14 02-05-2024 | icon 1001
Norveçli səyyahlar Şuşaya səfər ediblər

Norveçin beynəlxalq səyahətçilərdən ibarət “Vagaclub”unun 30 nəfərlik geniş heyətinin Qarabağa və Şərqi Zəngəzura səfəri davam edir.

YeniAvropa xəbər verir ki, qonaqlar Füzulidən sonra Şuşa şəhərinə gəliblər.

Səyyahlar əvvəlcə Azərbaycanın tanınmış şəxsiyyətləri Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin güllələnmiş heykəllərinin qoyulduğu Şuşa şəhər mərkəzi meydanında olublar. 

Sonra şəhərin qala divarları ziyarət edilib. Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin əməkdaşları tərəfindən qonaqlara şəhərin tarixi, qala divarlarının tikilməsi barədə məlumat verilib. Bildirilib ki, Qarabağ xanı Pənahəli xan tərəfindən inşa edilən qala uzun müddət şəhəri xarici müdaxilələrdən qoruyub, alınmazlıq simvolu olub. İşğal dövründə qala divarları erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra qalada təmir-bərpa işləri aparılıb.

Səyyahlar, həmçinin Xurşidbanu Natəvanın evini, Xan qızı bulağını ziyarət ediblər.

Məlumat verilib ki, 30 ilə yaxın işğal dövründə şəhərdəki tarixi binalar, məscidlər, abidələr erməni vandalizminə məruz qalıb. Şuşa işğaldan azad edildikdən sonra burada genişmiqyaslı bərpa-quruculuq işlərinə start verilib. İnfrastrukturun qurulması ilə yanaşı, Şuşada şəhərin əsl tarixi simasının, tarix və mədəniyyət abidələrinin bərpasına başlanılıb.

Sonda Cıdır düzünə gələn xarici media nümayəndələri buradan açılan əsrarəngiz mənzərəni seyr ediblər.

Xatırladaq ki, heyət 3 gün ərzində avtomobil yolu ilə Füzuli-Xocavənd-Şuşa-Ağdam-Kəlbəcər-Laçın-Zəngilan-Cəbrayıl xətti üzrə hərəkət etməyi planlaşdırır.

Dünyanın əsas beynəlxalq səyahətçilər şəbəkələrinin - ETIC, MTP, TCC, NomadMania, o cümlədən bu klubların müxtəlif üzvlərinin birləşdiyi Türkiyənin Gəzginlər Klubunun, Britaniyanın “Piki Reels”, İsveçin “Club 100” heyətlərinin ötən 4 ildə Qarabağ və Şərqi Zəngəzura 9 səfəri gerçəkləşib. Onlardan 1-i 2021-ci ildə, 4-ü 2022-ci ildə, 4-ü isə 2023-cü ildə baş tutub. Norveçin dünyaşöhrətli “Vagaclub”unun səfəri bu qəbildən sayca 10-cu səfərdir.

Ümumilikdə bu 10 səfərdə 46 ölkədən 360-dan çox beynəlxalq səyahətçi azad edilmiş ərazilərdəki vəziyyətlə yerində tanış olmaq imkanı qazanıb. Dünyada milyonlarla insan onların vasitəsilə Qarabağdakı real vəziyyət barədə ətraflı məlumat alıb.