logo

Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir

11:58 02-05-2024 | icon 2072
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir

Bu gün Tbilisidə Asiya İnkişaf Bankının (AİB) 57-ci illik toplantısı işə başlayıb.

YeniAvropa xəbər verir ki, mayın 5-dək davam edəcək toplantıda üzv ölkələrdən nazirlər, yüksək vəzifəli dövlət və hökumət rəsmiləri, iş adamları, maliyyə təşkilatlarının, qeyri-hökumət təşkilatlarının təmsilçiləri iştirak edirlər. Azərbaycanın maliyyə naziri, AİB-in Rəhbərlər Şurasının üzvü Samir Şərifov da tədbirdə iştirak edir.

"Gələcəyə körpü" devizi altında keçirilən toplantının iştirakçıları iqlim dəyişikliyi, süni intellekt və yaşıl enerji də daxil olmaqla Asiya və Sakit okean regionunun üzləşdiyi əsas inkişaf məsələlərini araşdıracaqlar.

Gürcüstan ilk dəfədir ki, AİB Rəhbərlər Şurasının İllik Toplantısına ev sahibliyi edir. İllik toplantı çərçivəsində müxtəlif tədbirlər, seminarlar, təqdimatlar keçiriləcək.

Qeyd edək ki, 1966-cı ildə təsis edilən Asiya İnkişaf Bankının əsas məqsədi üzv ölkələrin iqtisadi inkişafına dəstək olmaqla yoxsulluğun aradan qaldırılması və əhalinin həyat səviyyəsinin yaxşılaşdırılmasına yardım etməkdir. Azərbaycan 1999-cu ildə banka üzv olub. AİB-in 48-ci illik toplantısı 2015-ci ildə Bakıda keçirilib.