logo

Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib

22:22 16-04-2024 | icon 679
Bakıda Azərbaycan-Avropa İttifaqı əlaqələri müzakirə edilib

Aprelin 16-da Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Avropa İttifaqının Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi Terhi Hakalanla görüşüb.

Nazirlikdən YeniAvropa-ya bildirilib ki, görüşdə tərəflər Azərbaycan-Avropa İttifaqı əlaqələrinin cari vəziyyəti və perspektivləri, Azərbaycanın Orta Asiya-Avropa İttifaqı əlaqələrində rolu, beynəlxalq platformalar və formatlar çərçivəsində əməkdaşlıq məsələləri ətrafında fikir mübadiləsi aparıblar.

Enerji təhlükəsizliyi, kommunikasiyalar və nəqliyyat sahəsində Avropa İttifaqı ilə əldə olunmuş razılıqlar və bu çərçivədə Orta Asiya ilə əlaqələr müzakirələrin əsas mövzusunu təşkil edib.

Özündə enerji təhlükəsizliyi sahəsində birgə fəaliyyəti, habelə alternativ enerji resurslarının inkişaf etdirilməsini nəzərdə tutan Azərbaycanla Avropa İttifaqı arasında enerji sahəsində Strateji Tərəfdaşlığa dair Anlaşma Memorandumunun bu istiqamətdə əməkdaşlıqda əhəmiyyəti vurğulanıb.

Görüşdə ölkəmizin həm Bakı Limanında, həm də nəqliyyat və kommunikasiyaların inkişafı sahəsində həyata keçirdiyi işlər barədə qarşı tərəfə məlumat verilib.

Daha sonra, qarşılıqlı maraq doğuran digər ikitərəfli və regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.