logo

Azərbaycan yığmasının baş məşqçisini rüşvətxorluqda suçladılar

17:51 23-09-2018 | icon 2989
Azərbaycan yığmasının baş məşqçisini rüşvətxorluqda suçladılar

Azərbaycan Güləş Federasiyası (AGF) bəyanatla çıxış edib.

YeniAvropa xəbər verir  ki, bu bəyanat faktiki olaraq Elçin Mürşüdov adlı şəxsin AGF-nin vitse-prezidenti və sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudovun ünvanına səsləndirdiyi ittihama cavabdır.

Qeyd edək ki, sosial şəbəkələrdə yayılan video-rolikdə həmin şəxs əvvəlcə sərbəst güləş üzrə ölkə çempionu olduğunu, daha sonra isə UFC-yə keçdiyini deyib. Bundan sonra qaydasız döyüş üzrə yığmaya cəlb olunmaq üçün sərbəst güləş yığmamızın baş məşqçisi Firdovsi Umudova müraciət etdiyini və bunun üçün ondan 4500 manat tələb olunduğunu açıqlayıb.

Federasiyanın bəyanatında deyilir: “Belə bir şəxs sərbəst güləşdə ölkə çempionu olmayıb. Məsələnin ən maraqlı tərəfi isə qaydasız döyüşlə məşğul olan birisinin yığmaya düşmək üçün AGF-yə müraciət etməsidir. Sərbəst güləş üzrə baş məşqçi Firdovsi Umudov başqa idman növü ilə məşğul olan bir şəxsi necə milliyə cəlb edə bilər? Digər tərəfdən, yığmanın çalışdırıcısı o şəxslə ümumiyyətlə tanış deyil, onun üzünü belə görməyib”.

Federasiyada güman edirlər ki, kimsə Elçin Mürşüdovdan (o özünü məhz belə təqdim edib) Firdovsi Umudova böhtan atmağı xahiş edib.

Bəyanatda o da qeyd edilir ki, son zamanlar bir sıra KİV-lərdə baş məşqçinin ünvanına yalanlar, heç nə ilə əsaslandırılmayan ittihamlar səsləndirilir.Virtualaz.org