logo

İndiyədək “AÇG” və “Şahdəniz”dən 632,7 milyon ton neft hasil edilib

12:52 12-03-2024 | icon 728
İndiyədək “AÇG” və “Şahdəniz”dən 632,7 milyon ton neft hasil edilib

Cari ilin yanvar-fevral ayları üzrə ölkədə 4,8 milyon ton neft (kondensatla birlikdə) hasil edilib. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,2 faiz azalma deməkdir.

Energetika Nazirliyindən YeniAvropa-ya bildirilib ki, neft hasilatının 2,7 milyon tonu “Azəri-Çıraq-Günəşli”nin, 0,7 milyon tonu (kondensat) “Şahdəniz”in, 96 min tonu (kondensat) “Abşeron” yatağının payına düşüb. SOCAR üzrə neft (kondensatla birlikdə) hasilatı 1,3 milyon ton təşkil edib.

İki ay ərzində 3,9 milyon ton neft (kondensatla birlikdə) ixraca nəql olunub. Bunun 3,4 milyon tonu konsorsiumun, 0,5 milyon tonu isə SOCAR-ın payına düşüb.

“Azəri-Çıraq-Günəşli” və “Şahdəniz” yataqları istismara veriləndən cari il martın 1-dək (kondensatla birlikdə) ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz artımla 632,7 milyon ton neft hasil edilib. “Azəri-Çıraq-Günəşli”dən ötən ilin müvafiq dövrü ilə müqayisədə 3 faiz artımla 587,5 milyon ton neft, “Şahdəniz”dən isə 10,2 faiz artımla 45,2 milyon tona yaxın kondensat çıxarılıb. Bundan 630,7 milyon tonu ixraca nəql edilib.

2024-cü ilin yanvar-fevral aylarında ölkədə neftin emalı ötən illə eyni səviyyədə, yəni 1,1 milyon tona yaxın təşkil edib.