logo

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

12:42 30-04-2024 | icon 602
Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin yaradılmasından 25 il ötür

Aprelin 30-da ölkəmizin müdafiə qüvvələri sırasında özünəməxsus yeri olan Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin (XTQ) yaradılması günüdür.

YeniAvropa xəbər verir ki, Xüsusi Təyinatlı Qüvvələr 1999-cu ildə yaradılıb və onun formalaşmasında Birinci Qarabağ müharibəsi iştirak edən zabit və gizirlərin xüsusi rolu olub.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələrinin formalaşmasında Türkiyə Silahlı Qüvvələrinin Xüsusi Təyinatlı Qüvvələri müstəsna rolunu da ayrıca qeyd etmək lazımdır.

Azərbaycan xüsusi təyinatlıları müxtəlif ölkələrin təlim mərkəzlərində keçirilən kurslarda iştirak edib və dəfələrlə ABŞ, Türkiyə və Pakistanda keçirilən yarışlarda fərqləniblər. 2016-cı ilin aprelində baş vermiş döyüşlərdə Xüsusi Təyinatlı Qüvvələrin bölmələri iştirak ediblər. Döyüşlər zamanı düşmənin çoxsaylı canlı qüvvəsi və hərbi texnikası məhv edilib.

2020-ci il sentyabrın 27-də başlayan Vətən müharibəsində də Xüsusi Təyinatlı Qüvvələr böyük şücaət göstəriblər. Onlar torpaqlarımızın düşmən tapdağından azad edilməsində Azərbaycan hərb tarixinə yeni qəhrəmanlıq səhifələri yazdılar. Ən mühüm əməliyyatların, ilk növbədə, Şuşa əməliyyatının keçirilməsində həmin qüvvələrin döyüşçüləri həlledici rol oynadılar. Həmin əməliyyat zamanı peşəkarlıqla yanaşı cəsurluq, fədakarlıq, ölümü göz önünə alaraq düşmənin üzərinə şığıma həlledici amillərdən idi. Onların qayalara dırmaşaraq zirehli texnika və hərb maşınlarından, müasir döyüş silahlarından istifadə etmədən Şuşa şəhərini işğaldan azad etməsi dünya hərb tarixinə düşüb. Xüsusi Təyinatlı Qüvvələrin əsgər və zabitləri döyüş tapşırıqlarını uğurla yerinə yetirdiklərinə görə dövlət başçısının müvafiq sərəncamları ilə “Azərbaycanın Milli Qəhrəmanı”, “Vətən Müharibəsi Qəhrəmanı” fəxri adlarına layiq görülüb, müxtəlif orden və medallarla təltif olunublar.

Azərbaycan Xüsusi Təyinatlı Qüvvələri dünya müdafiə sənayesinin aparıcı şirkətlərinin istehsalı olan müasir silah, döyüş vasitələri və texnikaya malikdir.