logo

Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

12:21 30-04-2024 | icon 462
Hərbi xidmətə çağırılanların tibbi müayinəsi regional xəstəxanada aparılacaq

Artıq ölkənin Şimal bölgəsində ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan, habelə təkrar tibbi şəhadətləndirilməyə cəlb edilən vətəndaşların tibbi müayinəsi regional tibb müəssisəsində - Quba Rayon Mərkəzi Xəstəxanasında (RMX) aparılacaq.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, ilkin hərbi qeydiyyata alınan və hərbi xidmətə çağırılan vətəndaşların tibbi müayinəsinin regional xəstəxanada aparılması ilə bağlı Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) tərəfindən birgə pilot layihənin icrasına başlanılır. Belə ki, 2024-cü il mayın 6-dan Xidmətin Quba, Qusar, Xaçmaz, Siyəzən və Şabran rayonları üzrə ilkin hərbi qeydiyyata alınan və müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların Quba RMX-də tibbi müayinəsi aparılacaq.

Bu məqsədlə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəisi Mürsəl İbrahimov və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev razılaşma sənədi imzalayıblar. Layihənin əsas məqsədi tibbi müayinələrin aparılması işinin mərkəzləşdirilməsi, yaxın məsafədə tibbi xidmətin əlçatanlığını və vətəndaş məmnunluğunu təmin etməkdir.

Vətəndaşların qəbulu və əyani olaraq tibbi yoxlamanın aparılması üçün Quba şəhəri, Fətəli Xan küçəsi 42 ünvanında yerləşən Quba RMX-də qəbul və müvafiq otaqlar ayrılıb. Müayinə otaqları bütün lazımi avadanlıqlarla təchiz edilib.

Xəstəxana həftə içi hər gün, saat 9:00-dan 18:00-dək fəaliyyət göstərir. Tibbi baxış zamanı çağırışçılar cərrah, terapevt, nevropatoloq, psixiatr, oftalmoloq, otorinolarinqoloq, stomatoloq, dermatoveneroloq, psixoloq və zərurət olduqda digər ixtisaslardan olan həkim-mütəxəssislər tərəfindən müayinə ediləcəklər.

Məlumat üçün bildirək ki, müddətli həqiqi hərbi xidmətə çağırılanların, sağlamlıq vəziyyətinə görə hərbi xidmətə çağırışdan möhlət almış vətəndaşların ambulator və ya stasionar tibbi müayinə və müalicəsi icbari tibbi sığorta ilə qarşılanır. Ətraflı məlumat üçün Agentliyin “1542”, TƏBİB-in “815” və Dövlət Xidmətinin “9100” Çağrı mərkəzlərinə müraciət etmək olar.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 6 sentyabr tarixli Fərmanına əsasən 2024-cü il iyulun 1-dən rayon, şəhər, şəhərdə rayon çağırış komissiyaları tərəfindən müddətli həqiqi hərbi xidmətə çağırılan vətəndaşların tibbi şəhadətləndirilməsi zamanı sıradankənar həqiqi hərbi xidmətə yararlılıq, sağlamlıq vəziyyətinə görə həqiqi hərbi xidmətə müvəqqəti yararsız hesab edilməklə çağırışa möhlət verilməsi, dinc dövrdə həqiqi hərbi xidmətə yararsızlıq, müharibə dövründə məhdud yararlılıq və həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yararsızlıq haqqında qərarlardan birinin qəbul edilməsi üçün həmin vətəndaşların yekun tibbi müayinəsi Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçiriləcək.