logo

Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı

15:55 30-04-2024 | icon 1281
Sinoptiklərdən güclü külək, şimşək,leysan,sulu qar və sel xəbərdarlığı

Növbəti 2 gün ərzində hava şəraitinin küləkli olacağı, bəzi çaylardan qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

Bildirilib ki, mayın 1-i və 2-si günün birinci yarısında Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-18 m/saniyə, arabir 20-23 m/saniyə, 2-də yarımadanın bəzi yerlərində arabir 25-28 m/saniyəyədək güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında da bir neçə gün davam edən mülayim, isti hava şəraitindən sonra mayın 2-si gündüz şimal və qərb rayonlarından başlayaraq hava şəraitinin dəyişəcəyi, mayın 5-i səhərədək fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı- ayrı yerlərdə yağıntıların (Naxçıvan MR, Qazax-Gəncə, Qarabağ və Şərqi Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə sulu qara keçəcəyi ehtimalı var. Qərb küləyi arabir 15-20 m/saniyə, mayın 2-də gündüz bəzi yerlərdə arabir 23-28 m/saniyəyədək güclənəcək. Havanın temperaturu ötən günlərlə müqayisədə mayın 3 və 4-də tədricən 4-8 dərəcə aşağı enəcək.

Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi gözlənilir.