Bakıda, Milli Gimnastika Arenasında cüdo üzrə dünya çempionatının təntənəli açılış mərasimi keçirilib.
YeniAvropa xəbər verir ki, mərasimdə Azərbaycan prezidenti İlham Əliyev, xanımı Mehriban Əliyeva və ailə üzvləri, Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer, dövlət və hökumət rəsmiləri iştirak ediblər.
Əvvəlcə Azərbaycanın tarixi abidələri, idmanın, o cümlədən cüdonun inkişafı, ölkəmizdə keçirilən beynəlxalq idman yarışları ilə bağlı videoçarx nümayiş olundu.
Azərbaycan Cüdo Federasiyasının prezidenti Rövnəq Abdullayev və Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer mərasimdə çıxış etdilər.
Azərbaycan prezidenti İlham Əliyev cüdo üzrə dünya çempionatını açıq elan edib.
Azərbaycan Respublikasının dövlət himni və Beynəlxalq Cüdo Federasiyasının himni səsləndirilib.
Azərbaycanın incəsənət xadimlərinin məxsusi olaraq tədbir üçün hazırlanmış çıxışları təqdim olunub.
Açılış mərasimi dünya şöhrətli italiyalı müğənni Al Banonun konsert proqramı ilə başa çatıb.
Xatırladaq ki, sentyabrın 27-dək davam edəcək cüdo üzrə dünya çempionatında 125 ölkədən 800-dək idmançı mübarizə aparır.
Azərbaycan çempionatda 9 kişi və 6 qadın idmançı ilə təmsil olunur.