logo

Macarıstan parlamenti bu gün İsveçin NATO üzvlüyünə səs verəcək

09:59 26-02-2024 | icon 1533
Macarıstan parlamenti bu gün İsveçin NATO üzvlüyünə səs verəcək

Macarıstan parlamentinin bu gün İsveçin NATO-ya daxil olmasının ratifikasiyasına səs verəcəyi gözlənilir.

YeniAvropa xəbər verir ki, bunu hakim Fides partiyasının parlament fraksiyasının lideri Mate Koçsis deyib.

Bildirib ki, fevralın 26-da keçiriləcək sessiyanın gündəliyinə İsveçin NATO-ya qəbulu ilə bağlı səsvermə daxildir. O əlavə edib ki, Fides İsveçin tələbini dəstəkləməyi planlaşdırır.

Qeyd edək ki, fevralın 23-də İsveçin Baş naziri Ulf Kristersson macarıstanlı həmkarı Viktor Orban ilə bir sıra məsələləri müzakirə etmək üçün Budapeştə səfər edib. Orban söhbəti “maraqlı, həyəcanlı və məhsuldar” adlandırıb. O, parlamentin bazar ertəsi səsvermədə lazımi qərarlar qəbul edəcəyini söyləyib.

Tərəflər, həmçinin müdafiə sahəsində əməkdaşlıq və Macarıstanın Aİ-yə sədrliyinə hazırlıq məsələlərini müzakirə ediblər.

Macarıstan parlamenti fevralın 5-də növbədənkənar iclas zamanı İsveçin alyansa üzvlüyünə səs verməyi planlaşdırırdı. Lakin Fides partiyasının deputatları səsverməni boykot edərək iclasa gəlməyiblər. Qərb mətbuatının yazdığına görə, Fides belə bir səsvermənin yalnız qış tətilindən sonra parlament işə qayıtdıqdan və İsveçin Baş naziri Ulf Kristerssonun Budapeştə səfərindən sonra keçirilməsini müdafiə edib.

Fides parlamentdəki yerlərin əksəriyyətinə - 199 yerdən 133-nə malikdir.