logo

“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib

16:16 02-02-2024 | icon 1561
“Dövlət qurumları İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti (XRİTDX) tərəfindən “Dövlət Qurumlarının İT rəhbərlərinin III Zirvə Toplantısı” keçirilib.

YeniAvropa xəbər verir ki, tədbir dövlət qurumlarının informasiya təhlükəsizliyi üzrə rəhbər heyətinin təcrübə mübadiləsinə cəlb edilməsi və qurumlararası kommunikasiyanın gücləndirilməsi məqsədilə mütəmadi şəkildə XRİTDX tərəfindən təşkil olunub. Tədbirdə 73 dövlət qurumundan 100-dən artıq nümayəndə iştirak edib.

Öncə tədbirdə XRİTDX-nin illik fəaliyyəti barədə hesabat xarakterli videotəqdimat nümayiş olunub.

Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin rəis müavini, general–mayor Allahverən İsmayılov çıxışında bu “Zirvə Toplantısı”nın dövlət qurumlarının informasiya təhlükəsizliyinin gücləndirilməsinə, xüsusilə də kritik infrastrukturların təhlükəsizliyi məsələlərinin müzakirəsinə, eləcə də cari ilin fevralın 7-də Azərbaycanda keçiriləcək növbədənkənar prezident seçkiləri dövründə dövlət informasiya sistemlərinin və ehtiyatlarının informasiya təhlükəsizliyinə təhdidlərin birgə qiymətləndirilməsinə həsr olunmasını vurğulayıb.

Tədbirin açılış mərasimində Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının Qeyri-hökumət təşkilatları və Kommunikasiya şöbəsinə sektor müdiri Elmir Vəlizadə də çıxışında bildirib ki, artıq üçüncü dəfədir belə bir sammit keçirilir. İnformasiya Təhlükəsizliyi sahəsində bütün qurumların məsul şəxslərinin iştirakı ilə keçirilən belə tədbirlərin çox mühüm əhəmiyyəti var.

E.Vəlizadə qeyd edib ki, ötən il Azərbaycan üçün bir çox əlamətdar hadisələr olub.

“Azərbaycan ərazi bütövlüyünü və suverenliyini tam bərpa edib. Bu, çox önəmli hadisədir. Eləcə də kibertəhlükəsizlik sahəsində uğurlu il olub. Belə ki, ötən ilin ikinci yarısında prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasının informasiya təhlükəsizliyi və kibertəhlükəsizliyə dair 2023–2027-ci illər üçün Strategiyası” təsdiq olunub. Cari il üçün qarşıda duran vəzifələr çoxdur. Strategiyaya əsasən hədəflər, tədbirlər planı artıq tərtib edilib. Hazırda qarşıda duran əsas vəzifə bu tədbirlər planından irəli gələn addımları layiqincə yerinə yetirməkdir. Nazirlər Kabineti tərəfindən işçi qrupu yaradılıb və aidiyyəti qurumlar arasında kommunikasiyanın düzgün təşkil olunması üçün artıq tədbirlər cədvəli qurulub. Düşünürük ki, Azərbaycanda Milli strategiya uğurla həyata keçiriləcək”, - deyə E.Vəlizadə əlavə edib.

E.Vəlizadə onu da əlavə edib ki, qarşıdan gələn prezident seçkiləri ilə bağlı informasiya təhlükəsizliyi sahəsində çalışan hər bir qurum özündə mövcud olan informasiya sistemlərinin möhkəmliyini yüksək səviyyədə yoxlamalıdır: “Bu istiqamətdə bütün qurumlara uğurlar diləyirəm. Ümid edirəm ki, növbəti sammitlərdə biz təkcə ölkəmizin sərhədlərində reallaşdırdığımız layihələri deyil, eləcə də ölkəmizin xaricində icra etdiyimiz layihələri müzakirə edəcəyik”.

XRİTDX-nin idarə rəisi Tural Məmmədov çıxışı zamanı bildirib ki, dövlət qurumlarının informasiya təhlükəsizliyini təmin etmək üçün təhlükəsiz şəbəkə qurulub. Xidmət tərəfindən dövlət qurumlarının saytlarına 911 milyon 430 min zərərli keçidlər bloklanıb. Həmçinin 7 milyon 122 min 200 zərərverici də son istifadə hallarında bloklanıb. Onların bir qismi xüsusi hədəflənmiş zərərvericilər olub. Zərərli faylların analizi sistemi vasitəsilə son 1 il ərzində 1 milyon 103 min 650 zərərli fayl aşkarlanıb. Son istifadəçilərin bu faylları endirib istifadəsinin qarşısı alınıb.

T. Məmmədov qeyd edib ki, cari ildən yeni “Anti DDoS” sisteminin tətbiqinə başlanılacaq. Bu sistem dövlət qurumlarının kiberhücumlara qarşı daha təkmil qorunmasına xidmət edəcək. İdarə rəisi bildirib ki, növbəti aydan yeni elektron poçt sistemi istifadəyə veriləcək. Domino sistemi üzrə qurulmuş yeni sistem bir çox əlavə xidmətlər təqdim etməyə imkan verəcək. İlk Azərbaycandilli interfeysi mövcud olacaq. Dövlət qurumlarının son istifadəçilərinin mühafizəsi üçün mərkəzləşdirilmiş XDR həlli təqdim olunacaq. Bu ildən toplu SMS xidməti aktiv olacaq. T.Məmmədov, həmçinin bu il Azərbaycanda ilk dəfə “Kiber diplomatiya” konfransının keçiriləcəyini açıqlayıb.

“Bu tədbir Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu ilə imzalanmış Anlaşma Memorandumu əsasında birgə keçirilir. Bu, nəinki Azərbaycanda, həmçinin regionda ilk belə tədbir olacaq. Tədbirin keçirilməsində əsas məqsəd Azərbaycanı kiberdiplomatların toplaşdığı əsas mərkəz olaraq formalaşdırmaqdır”, - deyə T.Məmmədov əlavə edib.

Tural Məmmədov bildirib ki, 2023-cü il ərzində dövlət qurumlarının informasiya sistemlərində çoxsaylı audit aparılıb və 697 nöqsan aşkarlanıb. Ötən il bu rəqəm 597 olub və builki göstərici ötən illə müqayisədə 20 faiz çoxdur. Bu rəqəm dövlət informasiya sistemlərində tapılan boşluqlar əsasında yazılan hesablar, sızmış məlumatlar əsasında müəyyən olunan çatışmazlıqların hesabat sayıdır. Ötən ilin müvafiq dövrü ilə müqayisədə insidentlərin sayı çox deyil. İllik açılan sorğu sayı 7081 olub. Onun da 6649-u emal olunaraq bağlanıb.

“İndikatorlarla dövlət qurumlarından daxil olan insidentləri araşdırırıq və zəruri indikatorlar bloklanır. İl ərzində statistikaya baxsaq, dövlət qurumlarının müəyyən dövrlərdəki aktivliyini də müəyyənləşdirmək olar. İllik nəticəyə əsasən, tərəfimizdən aparılan monitorinq nəticəsində 517 kiberhücum indikatoru, qurumların təqdim etdiyi insidentlərin araşdırılması nəticəsində isə 674 xüsusi kiberhücum indikatoru müəyyən edilərək bloklanıb. Bu da yüzlərlə kiberhücumun qarşısının alınması deməkdir. Dövlət qurumlarına diqqətli olmalarını və ən kiçik anomaliya halları zamanı dərhal bizə məlumat vermələrini tövsiyə edirik”, - deyə T.Məmmədov diqqətə çatdırıb.

Tədbirin davamında “Kritik informasiya infrastrukturunda kibertəhdidlərə qarşı mübarizə fəaliyyətinin təşkili”, “Yeni nəsil Kibertəhlükəsizlik Əməliyyatları Mərkəzi necə qurulmalıdır?”, “Son istifadəçilərin effektiv idarəedilməsi modeli” mövzularında təqdimatlar keçirilib və seçki dönəmində informasiya təhlükəsizliyi, yeni tendensiyalar, təhlükələr, dövlət qurumlarının qarşılaşdığı problemlər müzakirə olunub.