logo

ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonundakı seçki məntəqəsində olublar

15:55 02-02-2024 | icon 1071
ATƏT/DTİHB-nin müşahidəçiləri Füzuli rayonundakı seçki məntəqəsində olublar

84 saylı Füzuli seçki dairəsində seçkiyə hazırlıq prosesi ilə tanış olan ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun (ATƏT/DTİHB) müşahidəçiləri işğaldan azad edilmiş ərazilərdə yerləşən seçki məntəqələrindəki vəziyyətlə də maraqlanıblar.

YeniAvropa “secki-2024.az” saytına istinadla xəbər verir ki, bu barədə 84 saylı Füzuli dairə seçki komissiyasının (DSK) sədri Ramiz Teymurov məlumat verib.

O bildirib ki, ATƏT/DTİHB-nin uzunmüddətli müşahidəçiləri olan Lars Nyholm və Evgeniy Loginov işğaldan azad edilmiş ərazilərdəki seçki məntəqələrində səsvermə prosesini izləmək istədiklərini deyiblər. Bu baxımdan, həmin ərazilərdə təhlükəsizliyin necə təmin edildiyi ilə maraqlanıblar.

“Bizim dairədə mövcud olan 77 məntəqənin üçü 44 günlük müharibədə azad edilmiş ərazilərdə yerləşir. Dairə üzrə ümumilikdə 54 min 457 seçici qeydiyyatdadır. 1257 seçici ilk dəfə səsvermə hüququndan istifadə edəcək. Yeddi seçki məntəqəsində veb-kameralar quraşdırılıb. Dairə üzrə 1015 müşahidəçi qeydiyyatdan keçib”, - R.Teymurov qeyd edib.

DSK sədri seçkilərə hazırlıq prosesinin qanunvericiliyin tələblərinə uyğun aparıldığını diqqətə çatdırıb.