logo

Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

14:13 18-09-2018 | icon 2905
Bakıda Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib

Azərbaycan paytaxtında Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin iclası keçirilib.

YeniAvropa xəbər verir  ki, iclasda Azərbaycan Cüdo Federasiyasının prezidenti, Beynəlxalq Cüdo Federasiyası İcraiyyə Komitəsinin üzvü Rövnəq Abdullayev çıxış edərək bir neçə gündən sonra Bakıda start götürəcək dünya çempionatının keçirilməsinin Azərbaycana həvalə edilməsinin qürur hissi doğurduğunu söyləyib: “İnanıram ki, bu dünya çempionatı istər iştirakçı ölkələrin və idmançıların sayına, istərsə də yüksək səviyyəli təşkilatçılığına görə cüdo tarixində ilklərə imza atacaq. Dövlətin idman sahəsinə göstərdiyi yüksək qayğı sayəsində Azərbaycan dünyada idman ölkəsi kimi tanınır. Bir çox beynəlxalq idman təşkilatları qitə və dünya səviyyəli yarışların keçirilməsini ölkəmizə etimad edib və Azərbaycan yüksək səviyyəli çempionatların keçirilməsi sahəsində böyük təcrübəyə malikdir. Ümid edirəm ki, cüdo üzrə dünya çempionatı da ən yüksək səviyyədə keçiriləcək və İcraiyyə Komitəsinin üzvləri ölkəmizin qonaqpərvərliyindən məmnun qalacaqlar”.

Sonra Beynəlxalq Cüdo Federasiyasının prezidenti Marius Vizer çıxış edərək Bakıda keçiriləcək dünya çempionatında bir çox yeniliklərin olacağını vurğulayıb. O, İcraiyyə Komitəsinin yığıncağında gündəlikdə duran məsələlərin vacibliyini qeyd edib.

İclasda dünya çempionatlarında komanda yarışları, Olimpiya hazırlığı və Gənclər Olimpiya Oyunları, məşqçilərlə bağlı yeni qaydalar, təlim və məşq məsələləri, uzunmüddətli təqvim və digər idman məsələləri müzakirə olunub, müvafiq qərarlar qəbul edilib.