logo

"COP29"dan sonra Azərbaycana turist axını birəbeş artacaq

17:34 25-01-2024 | icon 13272
"COP29"dan sonra Azərbaycana turist axını birəbeş artacaq

Azərbaycanın turizm sənayesinin formalaşmasında fəal iştirak etmək, turizm agentliklərinin vahid platformasını yaratmaq, onlar arasında əməkdaşlıq əlaqələrinin effektiv qurulmasına və inkişafına nail olmaq, eləcə də üzvlərin maraqlarının qorunmasını təmin etmək kimi əsas fəaliyyət istiqamətlərini qarşıya məqsəd qoyan Azərbaycan Turizm Agentlikləri Assosiasiyası (ATAA) yarandığı gündən bu istiqamətdə ciddi uğurlara imza atıb. Hazırda ATAA ölkəyə daha çox turistin cəlb edilməsində əsas tərəflərdən biri olaraq standartlara cavab verən, keyfiyyətli turizm xidmətləri göstərən və ölkə turizminin inkişafında maraqlı olan agentlikləri ətrafında birləşdirir.

YeniAvropa xəbər verir ki, Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının İdarə Heyətinin sədri Göydəniz Qəhrəmanov sektorunun COP29-a hazırlıq məsələlərinə aydınlıq gətirib. Həmin müsahibəni təqdim edirik:

-Göydəniz müəllim, “Yaşıl dünya naminə həmrəylik ili”nə yaxşı başladığınızı söyləmək olar. Belə ki, bu günlərdə ATAA-nın təşkilatçılığı ilə “İlin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənaye subyektlərinin forumu keçirildi. Bu ildən hansı gözləntiləriniz var?

-Bəli, qədəm qoyduğumuz yeni ilin əvvəlində ilk forumumuzu keçirdik. Mövzular həm keçən ilin yekunları, həm də COP29-a hazırlıq məsələlərinə həsr olunmuşdu. Bilirsiniz ki, bu il Azərbaycan çox böyük tədbirə ev sahibliyi edəcək. Bu səbəbdən də düşünürəm ki, yalnız bir forumla kifayətlənməməliyik və bu istiqamətdə işi davam etdirməliyik. Qeyd etmək istəyirəm ki, foruma min nəfər qatılmışdı. Bundan başqa, bizim dəvətimizlə bir neçə assosiasiya da iştirak edirdi. Forum çərçivəsində birgə bəyanat imzaladıq. Bu bəyanatda ölkə Prezidentinə öz dəstəyimizi və gələcəkdə bu siyasətin davam etdirilməsi ilə bağlı qətiyyətli istəyimizi bildirdik. Belə forumun keçirilməsi çox müsbət bir haldır. Ona görə ki, forum çərçivəsində ölkə turizminin inkişafına xidmət edən qurumlar bir araya gələrək öz fikirlərini, gələcək planlarını bölüşdü və müzakirə etdi. Bu müzakirələri panel sessiyalarda da apardıq. İki panel sessiyamız oldu. Burada təcrübəli iş adamları, assosiasiya rəhbərləri, turizm sahəsində çalışan insanlar iştirak edirdi. Düşünürük ki, belə tədbirlərin davamlı olması ölkəmizdə turizmin inkişafına töhfə verə bilər.

- Forumda 2023-cü ilin ümumilikdə ölkə turizminin inkişafı, turizm sənayesinin bərpası, postpandemiya dövründə Azərbaycanın qlobal turizm arenasında tanıdılması baxımından uğurlu il olduğunu bildirdiniz. Bu uğurun əsasında nə dayanır?

-Pandemiya dövründə ən çox ziyan çəkən sahələrdən biri turizm sektoru oldu. Həmin dövrdə bizim sahənin fəaliyyəti tamamilə dayandı. Postpandemiya dövründə ən uğurlu il 2023-cü il oldu. Ötən il Azərbaycana iki milyon turist gəlib. Düşünürəm ki, bu, çox uğurlu rəqəmdir. Müsbət dinamika davam edir. Həmçinin bizim yerli vətəndaşların da regionlara səfərlərində artım müşahidə olunur. Bu il qarşımızda duran hədəflərdən biri Azərbaycana gələn turistlərin sayını 20 faiz artırmaqdır.

Bu uğurun əsasında düzgün təbliğat dayanır. Sabitlik, təhlükəsizlik məsələləri yoxdursa, həmin ölkələrə turist getmir. Əgər turistlər bizim ölkəyə üz tutursa, bu, ölkəmizə inamdan irəli gəlir. Burada təhlükəsizlik məsələsi çox vacib amildir. Yeri gəlmişkən deməliyəm ki, son illər Azərbaycanda keçirilən böyük tədbirlər - Formula 1, İslam Həmrəyliyi Oyunları, Avropa Oyunları və digər irili-xırdalı beynəlxalq idman yarışları, forumlar sayəsində xarici ölkələrdə böyük təbliğatımız gedib. Şahidi olduğum bir faktı deyim, 2021-ci ildə turizm şirkətləri ilə birgə Meksikaya ilk səfərimiz oldu. Bizdən “haralısınız?” deyə soruşurdular. Azərbaycan dedikdə hamı xoş reaksiya verirdi. Azərbaycanın necə gözəl ölkə olduğunu vurğulayırdılar. Bu, bizə çox maraqlı gəldi. Ona görə ki, Azərbaycandan çox-çox uzaqda yerləşən Meksikada ölkəmiz belə gözəl tanınırdı. Bunun başlıca səbəbi həmin günlərdə Azərbaycanda keçirilən Formula 1 yarışında meksikalı pilotun qalib gəlməsi idi. Belə təbliğat ölkəmizin turizm sahəsi üçün yeni imkanlar açır.

- Bu il Azərbaycan BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına - COP29 kimi mötəbər tədbirə ev sahibliyi edəcək, ölkəmizə minlərlə turist axını olacaq. Sözsüz ki, turizm sektoru da COP29-a yüksək səviyyədə hazır olmalıdır. Hazırda bu istiqamətdə işlər hansı səviyyədədir?

- Prezident İlham Əliyevin Sərəncamına əsasən, COP29-un keçirilməsi ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb. Bu, ölkəmizdə COP29-a ciddi yanaşmanın göstəricisidir. Əslində bu, zəncirvari bir prosesdir. Burada bütün dövlət qurumları, özəl sektor, bir sözlə, hamı fəal olmalıdır. Turistlərin qarşılanmasını, yerləşdirilməsini, məmnunluqla öz ölkələrinə qayıtmalarını təmin etməliyik. Biz həm üzvlərimizə, həm də digər assosiasiyaların nümayəndələrinə çağırış etdik ki, bu tədbir çox vacib və önəmlidir. Ona görə ki, tədbirdən sonra ölkəmizə daha çox qonaq gələcək. Tədbirə gələnlər ölkələrinə qayıtdıqdan sonra qonşularına, dostlarına, iş yoldaşlarına Azərbaycanla bağlı məlumat verəcəklər. Daha sonra ölkəmizi görmək istəyənlərin sayı birəbeş artacaq. Düşünürəm və inanıram ki, COP29 çox yüksək səviyyədə təşkil olunacaq. Bizim artıq bu sahədə böyük təcrübəmiz var.

Bu məsələ ilə bağlı otellərlə iş aparılır. Yaxın günlərdə bir neçə görüşün keçirilməsi nəzərdə tutulur. Hazırda ölkəmizdə fəaliyyət göstərən şirkətlərdən 165-i aktiv üzvümüzdür. Bizim assosiasiyanın öz meyarları var və şirkətlər mütləq şəkildə ona uyğun olmalıdır. Bu meyarlara uyğun gəlməyənləri sıralarımıza qəbul etmirik. Demək olar ki, hər iclasımızda bir neçə şirkətin sənədləri geri qaytarılır. Bildiririk ki, onlar bu meyarlara uyğunlaşmalıdırlar. Tövsiyə edirik ki, təşkilatçılıq məsələlərinə çox yüksək səviyyədə qoşulsunlar. Əslində bunlar şirkətlərin daimi gördüyü işdir. Sadəcə, COP29-un nə qədər önəmli tədbir olduğunu bir daha onların diqqətinə çatdıraraq, bu işə daha ciddi yanaşmalarını tələb edirik.

-Martda Azərbaycan Turizm Agentlikləri Assosiasiyasının yaradılmasının dörd ili tamam olacaq. Ötən müddət ərzində ATAA qarşıya qoyulan məqsədlərə çatmaq üçün hansı işləri görüb və bu il üçün əsas hədəfləri nədən ibarətdir?

- Bizdə hər iki ildən bir seçkilər keçirilir. 2022-ci ildə növbəti seçkilərimizdən sonra sayımızda iki dəfə artım oldu. Üzvlərimizin sayı artdı, özəl sektor və dövlət qurumları ilə çox sıx işbirliyi həyata keçiririk. Birgə layihələr, tədbirlər, görüşlər, müzakirələr... Bu kimi tədbirləri dövlət strukturları ilə birgə təşkil edirik. Paralel olaraq hava yolları və xaricdəki assosiasiyalarla çox sıx əlaqələr qurmağa başlamışıq. Demək olar ki, bütün beynəlxalq turizm sərgilərində iştirak edirik. Eyni zamanda, media ilə yaxından əməkdaşlıq edirik.

Bu il üçün planlarımız çoxdur. Bir neçə layihəmiz var ki, onların üzərində iş gedir. Hazırda ATAA-nın İdarə Heyətində doqquz şirkət rəhbəri təmsil olunur. Bunlar hamısı tanınmış, nüfuzlu şirkətlərin nümayəndələridir. Əsas məqsədimiz ölkə turizminin, eləcə də üzv şirkətlərin inkişafına töhfə verməkdir.

-ATAA turizm agentliklərinin vahid platformasını yarada bilibmi? Eləcə də dövlət-özəl sektor arasında əməkdaşlıq əlaqələrinin səmərəli qurulması və inkişafı üçün hansı addımlar atılıb?

-Bildiyiniz kimi, “Turizm haqqında” yeni qanun imzalandı. Bu qanunda turizm reyestri ilə bağlı məsələ də öz həllin tapıb. Üzvlərimizin demək olar ki, əksəriyyəti artıq bu reyestrdə qeydiyyatdan keçib. 2015-ci ildən etibarən Azərbaycanda turizm sahəsinə lisenziya tələb olunmur. Lisenziyanın alınmasına 5500 manat pul ödənilirdi. Artıq bu vəsaiti şirkətlər öz inkişaflarına yönəldirlər.

Turizm agentliklərinin vahid platformasının olması çox yaxşı haldır. Bu sistem artıq mövcuddur. Qeydiyyatdan keçənlər də var, keçmək istəyənlər də, yəni iş gedir. Bu, həm statistik məlumatlara düzgün yanaşma, həm də şirkətlərin bazarda aktiv fəaliyyəti ilə bağlı məlumatların əldə olunması baxımından səmərəlidir. Eyni zamanda, hüquqi cəhətdən də sağlam rəqabət mühiti yaradacaq.

Biz dövlətlə, özəl sektorla əməkdaşlıq edirik. Çünki hədəfimiz Azərbaycanın turizm sahəsinin inkişafıdır.

-ATAA tərəfindən ölkəmizin turizm potensialının təbliği və tanıdılması istiqamətində nə kimi işlər görülüb? Ümumiyyətlə, Agentliyin beynəlxalq əlaqələri hansı səviyyədədir?

-Azərbaycanda fəaliyyət göstərən diplomatik korpusların əksəriyyəti ilə görüşlərimiz olub. Yerli və xarici turizm assosiasiyaları, onların nümayəndələri ilə sıx əlaqədəyik. Əslində, bu əlaqələrin qurulması bizə çox böyük üstünlüklər verir. Çünki ölkəmizə gələn turistlərin sayının daha da artırılmasında bəzi xarici ölkələrdə yerləşən assosiasiyalarla qurulan əlaqələrin də müsbət təsiri var.

Biz xarici səfərlərimiz zamanı çoxsaylı görüşlər keçiririk. Ötən il Türkiyəyə, Gürcüstana və Avropanın bir sıra ölkələrinə belə səfərlərimiz oldu. Bu səfərlər zamanı ölkəmizin turizm potensiyalının tanıdılması ilə yanaşı, Azərbaycana turizm axınının sürətlənməsi baxımından da müəyyən görüşlər keçirdik. Bu il də bir neçə səfərimiz nəzərdə tutulub. Gedə bilmədiyimiz ölkələrdəki assosiasiyalarla onlayn görüşlər təşkil edirik. Bu məsələ bizim üçün çox vacibdir. Ona görə ki, ölkəmizə gələn xarici qonaqların demək olar, çoxu məhz elə bu assosiasiyalar vasitəsilə bizi seçir.

-Bilirsiniz ki, “Turizm haqqında” yeni qanunun qəbul edilməsi bu sahədə hüquqi bazanın daha da təkmilləşməsinə təkan verdi. Yeni qanun Azərbaycanda turizm sənayesinin tənzimlənmə mexanizmlərini, turizm sahəsində dövlət idarəetməsinin əsaslarını, turizm ehtiyatlarından səmərəli istifadə qaydalarını və turizm sahəsinin maliyyələşdirilmə mənbələrini müəyyən edir. Yeni qanunun qəbulu ATAA-nın fəaliyyətində nə kimi yeniliklərə səbəb oldu?

-Əslində, bu qanunun qəbulundan öncə Milli Məclisdə ictimai dinləmə oldu. Bu dinləmələrdə biz də iştirak etdik və fikirlərimizi səsləndirdik, bir neçə məsələ üzrə fikir mübadilələri apardıq. Düşünürəm ki, yeni qanun hazırda həm turizm şirkətlərinin, həm də turistlərin hüquqlarını qoruyan sənəddir.

Biz assosiasiya olaraq bütün üzvlərimizə müraciət edərək bildirmək istəyirik ki, artıq yaz aylarına yaxınlaşırıq, hazırda erkən rezervasiyalar həyata keçirilir. Turistlərlə turizm şirkətləri arasında əldə olunan bütün turpaketlərin müqavilələri mütləq şəkildə imzalanmalıdır. Bəzən bu yazılı sənədin olmaması sonradan turistlərə çətinliklər yaşadır. Ona görə ki, tərəflər arasında yazılı öhdəlik olmayanda sonradan kimin haqlı, kimin haqsız olduğuna aydınlıq gətirmək çox çətin olur. Bəzi şirkətlər bu məsələyə qeyri-ciddi yanaşır. Düzdür, həmin şirkətlər bizim üzvlərimiz deyil. Buna baxmayaraq, belə halların yaşanmaması üçün mütləq şəkildə bu müqavilələr imzalanmalıdır.

İnanıram ki, “Turizm haqqında” yeni qanun turizm şirkətlərinin gələcək iş proseslərində, həm də onların inkişafında böyük rol oynayacaq.

-Ölkəmizin turizm sektorunda problemlərin olduğu məlumdur. Buna həm qiymətlərin yüksək olmasını, zəif xidmətin göstərilməsini, həm də peşəkar kadrların çatışmazlığını misal göstərmək olar. Sizcə bütün bu və ya digər problemlərin aradan qaldırılması üçün hansı zəruri addımlar atılmalıdır?

-Aydın məsələdir ki, belə hallar mövcuddur. Bunun üzərində iş gedir. İstərdik ki, Azərbaycana səfər edən hava yollarının sayı çox olsun. Çünki qarşımızda duran hədəflər bildiyiniz kimi, hər il ən az 20 faiz artıma nail olmaqdır. İndi aviabiletlərin qiymətində bir az azalma müşahidə olunur. Biz gərək bu məsələyə bir az böyük miqyasda yanaşaq. Əslində hamımızın əsas hədəfi odur ki, Azərbaycana daha çox turist gəlsin. Bizim bütün işimiz bunun üzərində qurulub. Qiymətlər nə qədər ucuz olarsa, turistlərin sayında da daha çox artım olar.

Biz çox istərdik ki, regionlarda azbüdcəli otellərin sayı çoxalsın. Ona görə də biz iş adamlarına müraciət edirik ki, bu məsələdə çox fəal olsunlar. Regionlardakı otellərin sayı qiymət baxımından da önəmlidir. Otellərin sayı çox olarsa, həm qiymət uyğun olacaq, həm də bazar özü qiymətləri tənzimləyəcək. Bu da sağlam rəqabətə gətirib çıxaracaq.

Peşəkar kadrlar məsələsi də daim diqqətimizdədir. Beynəlxalq təşkilatların turizm sahəsindəki treninqlərinin Azərbaycanda keçirilməsi və üzvlərimizin kurslarda iştirakı ilə bağlı Assosiasiya olaraq 2022-ci ildə Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinə (KOBİA) müraciət etdik. Onlar bizə dəstək oldular. 2022-ci ildə 135 nəfər bu kurslardan keçdi. Kursların davam etdirilməsi üçün 2023-cü ildə də müraciət etdik. Bu beynəlxalq kurslar demək olar ki, turizm sahəsində peşəkarlığın artırılması üçün həyata keçirilir. Yəni biz Assosiasiya olaraq maraqlıyıq ki, bu sahədə çalışan peşəkar insanların sayı artsın. Çünki xidməti göstərən, müştərilərlə birbaşa çalışan onlardır.

-Göydəniz müəllim, “İlin yekunları və COP29 ərəfəsində çağırışlar” mövzusunda turizm sənaye subyektlərinin forumunda turizm sənayesində ixtisaslaşmış assosiasiyaların birgə qəbul edilən bəyanatında bütövlükdə turizmin inkişafı qeyri-neft sektorunun inkişafında əsas istiqamətlərdən biri kimi qəbul edilib, sektorun qeyri-neft iqtisadiyyatında payı 3,4 faizə çatıb. Sizcə bunu daha da artırmaq üçün nələrə diqqət yetirilməlidir?

-Ümumiyyətlə, 20 ildən çoxdur ki, turizm sahəsindəyəm və bu sektorda baş verənləri izləyirəm. Son illər ölkəmizdə qeyri-neft sektoru olaraq turizm sahəsi prioritet istiqamətlərdən birinə, bəlkə də birincisinə çevrilib. Bu sahədə işlər görülür və dövlət tərəfindən də xüsusi diqqət ayrılır.

Turizm sahəsində infrastrukturun tam olaraq yenidən qurulması, bu gün bir çox dünya brendlərinin ölkəmizdə fəaliyyət göstərməsi, xarici hava yollarının Azərbaycana səfəri, eyni zamanda, viza məsələsində çox böyük islahatların həyata keçirilməsi bizi sevindirir. Çünki Azərbaycana gələn turist əvvəlcə viza almalıdır. Əgər bu proses asanlaşıbsa, turistlərin gəlməsi də rahat olur. Qış turizmi ilə bağlı da böyük investisiyalar yatırılıb. “Şahdağ” Qış-Yay Turizm Kompleksi bəlkə də regionda ən gözəl, maraqlı komplekslərdən biridir. Qəbələdə “Tufandağ” Qış-Yay Turizm İstirahət Kompleksi, Naxçıvanda Ağbulaq Xizək Mərkəzimiz var. Bizim əsas məqsədimiz həm də Azərbaycanı 4 fəsil turizm destinasiyası etməkdir. Bu da nəticə etibarilə turistlərin sayında artıma gətirib çıxaracaq.

Turizm çox incə və həssas sahədir. Pandemiya bu sahənin inkişafını geri saldı. Biz Azərbaycanda 2020-ci, 2021-ci və 2022-ci illərdə çox böyük turist axını gözləyirdik. Amma pandemiya işlərimizi axsatdı, buna baxmayaraq, dayanmamalı, inkişaf etməliyik. Hazırda müsbət dinamika var. Düşünürəm ki, qarşıya qoyulan hədəflərə çatacağıq. Ona görə ki, bu sahə maraqlı olduğu qədər, həm də hər kəsə gəlir gətirən sahədir./AZƏRTAC