logo

Azərbaycan-Küveyt əməkdaşlıq məsələləri müzakirə olunub

17:57 23-01-2024 | icon 644
Azərbaycan-Küveyt əməkdaşlıq məsələləri müzakirə olunub

Yanvarın 23-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Küveyt-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Məhəmməd Haif Əl-Muteyrinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən YeniAvropa-ya bildirilib ki, görüşdə Azərbaycan ilə Küveyt arasında ikitərəfli, çoxtərəfli əməkdaşlıq məsələləri, habelə bölgədə mövcud vəziyyət müzakirə olunub.

Nazir Ceyhun Bayramov iki ölkə arasında müxtəlif, o cümlədən iqtisadi, alternativ enerji, ticarət, kənd təsərrüfatı, balıqçılıq, turizm, mədəniyyət, təhsil və digər sahələr üzrə qarşılıqlı faydalı əməkdaşlıq gündəliyinin və perspektivlərin mövcud olduğunu məmnunluqla qeyd edib. Xüsusilə regional və beynəlxalq təşkilatlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı (BMT), İslam Əməkdaşlıq Təşkilatı (İƏT), Qoşulmama Hərəkatı (QH) çərçivəsində iki ölkənin bir-birinə göstərdiyi qarşılıqlı dəstəyin əhəmiyyəti vurğulanıb.

2024-cü ilin, eyni zamanda, Azərbaycan ilə Küveyt arasında diplomatik münasibətlərin qurulmasının 30 illiyinin qeyd edilməsi ilə əlamətdar olduğu diqqətə çatdırılıb. Ölkələrimiz arasında münasibətlərin inkişafında parlament diplomatiyasının, o cümlədən iki ölkənin parlamentarilərinin qarşılıqlı səfərlərinin müsbət rol oynadığı bildirilib.

Əlaqələrin inkişaf perspektivlərinin zəngin olduğu, bu istiqamətdə mövcud potensialdan səmərəli istifadə edilməsi məqsədilə siyasi məsləhətləşmələr mexanizminin, Azərbaycan Respublikası Hökuməti və Küveyt Dövləti Hökuməti arasında Əməkdaşlıq üçün Birgə Komissiyanın böyük əhəmiyyətə malik olduğu diqqətə çatdırılıb.

Qonaqlar, həmçinin işğaldan azad olunmuş ərazilərdə postmünaqişə dövründə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumatlandırılıb, Küveyt tərəfinin prosesdə iştirakı üçün potensial imkanların olduğu qeyd edilib.

Görüş zamanı, həmçinin qarşılıqlı maraq doğuran digər regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.