logo

Tokio aeroportundakı təyyarə qəzasının detalları məlum olub

15:15 04-01-2024 | icon 1260
Tokio aeroportundakı təyyarə qəzasının detalları məlum olub

“Yaponiya Hava Yolları” şirkətinin “Airbus 350” tipli sərnişin təyyarəsinin Tokionun “Haneda” beynəlxalq hava limanına eniş edərkən ölkənin sahil mühafizə xidmətinə məxsus “Bombardier DHC8-300” təyyarəsi ilə uçuş-enmə zolağında toqquşmasının detalları məlum olub.

YeniAvropa xəbər verir ki, Yaponiyanın Mülki Aviasiya Bürosu sahil mühafizə xidmətinin təyyarəsinin hadisə vaxtı uçuş-enmə zolağına çıxmaq üçün icazəsi olmadığını açıqlayıb. Büronun baş direktorunun müavini Toşiyuku Onuma bildirib ki, uçuşlara nəzarət rabitəsini yoxladıqdan sonra sahil mühafizə xidmətinin təyyarəsinin zolağa daxil olmasına razılığı təsdiqləyən sübut tapılmayıb. Qurumun açıqladığı məlumata əsasən uçuşları idarəetmə məntəqəsinin dispetçeri “Airbus 350” təyyarəsinin kapitanı ilə sonuncu dəfə qəzadan 2 dəqiqə əvvəl əlaqə saxlayıb və uçuş-enmə zolağının eniş üçün təmiz olduğunu deyib. Sahil mühafizə xidmətinin təyyarəsinin pilotu da təxminən eyni vaxtda dispetçer ilə əlaqə saxlayaraq, gözləmə zonasına doğru irəlilədiyini deyib.

“Yaponiya Hava Yolları” toqquşan təyyarəsinin pilotlarının şirkətə təqdim etdikləri məruzələrində eniş prosesini dispetçerin uçuş-enmə zolağının eniş üçün təmiz olması barədə məlumatından sonra qaydalara uyğun icra etdiklərini bildirdiklərini açıqlayıb.

Yaponiya sahil mühafizə xidmətinə məxsus təyyarənin sağ qalan kapitanı isə təhqiqatçılara təyyarənin uçuş-enmə zolağına daxil olmasına razılıq verildiyini deyib.

Yaponiyanın Nəqliyyat Nazirliyinin mütəxəssisləri hüquq-mühafizə orqanlarının əməkdaşları ilə birlikdə geniş təhqiqat aparır. “Airbus” şirkəti də öz mütəxəssislərini təhqiqata dəstək üçün Yaponiyaya ezam edəcək.

Qeyd edək ki, yanvarın 2-də yerli vaxtla saat 17:47-də baş verən toqquşmadan sonra “Airbus 350” təyyarəsinin mühərriklərindən biri alışıb. Təyyarədəki 379 sərnişin və heyət üzvü 18 dəqiqə ərzində təxliyə edilib, onlardan 14 nəfəri kiçik xəsarət alıb. Aviasiya ekspertləri təxliyəni “möcüzə” adlandırıb.

Toqquşma nəticəsində sahil mühafizə xidmətinin təyyarəsinin 5 ekipaj üzvü həlak olub. Yanğın 8 saata söndürülüb. Hər iki təyyarə yararsız hala düşüb.

Qəza ilə əlaqədar “Haneda” hava limanının bütün 4 uçuş-enmə zolağı bir neçə saatlıq təyyarələr üçün bağlanıb. Bundan başqa, “Haneda” hava limanına enməli və oradan uçmalı olan 100-ə yaxın reys ləğv edilib. Yaponiya sahil mühafizə xidməti “Bombardier DHC8-300” təyyarəsinin dağıdıcı zəlzələ ilə əlaqədar İşikava prefekturasına lazımi ləvazimatları çatdırmaq üçün uçmalı olduğunu açıqlayıb.