logo

Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramıdır

09:09 29-12-2023 | icon 1071
Bu gün "ASAN xidmət" işçilərinin peşə bayramıdır

Dekabrın 29-u Azərbaycanda "ASAN xidmət" işçilərinin peşə bayramıdır.

YeniAvropa xatırladır ki, “ASAN xidmət” mərkəzləri Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 13 iyul tarixli 685 nömrəli Fərmanına əsasən yaradılıb.

 "ASAN xidmət" mərkəzlərinin yaradılması dövlət idarəçiliyinin təkmilləşdirilməsi və müasirləşdirilməsi istiqamətində həyata keçirilən islahatların tərkib hissəsidir.

Bu mərkəzlər dövlət orqanları tərəfindən göstərilən xidmətlərin vahid və əlaqələndirilmiş formada həyata keçirilməsini təmin edən qurumlardır. “ASAN xidmət” mərkəzləri dövlət qulluqçularının fəaliyyətində əhaliyə münasibətdə vətəndaş məmnunluğunun təmin edilməsi istiqamətində yeni yanaşmanın formalaşdırılmasına, ölkədə dövlət qulluqçusu - vətəndaş münasibətlərinin keyfiyyətcə yeni müstəviyə keçməsinə xidmət edir. Mərkəzlərin fəaliyyəti operativlik, şəffaflıq, nəzakətlilik, məsuliyyət və rahatlıq prinsipləri əsasında qurulub. “ASAN xidmət” mərkəzlərinin yaradılmasında məqsəd vətəndaşların əlavə xərclərinin və vaxt itkisinin azalması, vətəndaşlara münasibətdə etik qaydalara, nəzakətli davranışa əməl edilməsinə nail olunması, peşəkarlıq səviyyəsinin artırılması, dövlət strukturlarına etimadın daha da gücləndirilməsi, şəffaflığın artırılması, korrupsiyaya qarşı mübarizənin gücləndirilməsi, elektron xidmətlərdən daha geniş istifadə olunması, bu sahədə aparılan institusional islahatların səmərəliliyinin artırılmasıdır.

Lənkəranda ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq

Hazırda ölkə ərazisində 26 "ASAN xidmət” mərkəzi fəaliyyət göstərir. Onlardan 7-si Bakı şəhərində, 2-si Gəncədə, 2-si Sumqayıtda olmaqla digərləri Sabirabad, Bərdə, Qəbələ, Masallı, Quba, Mingəçevir, İmişli, Şəki, Şamaxı, Kürdəmir, Tovuz, Ağcabədi, Balakən, Salyan və Naxçıvandadır.

Lənkəranda isə ilk “ASAN xidmət” mərkəzi fəaliyyətə başlayacaq.

“ASAN xidmət” mərkəzlərində müxtəlif dövlət orqanları, həmçinin özəl şirkət və müəssisələr tərəfindən ümumilikdə 400-ə yaxın xidmət göstərilir.

“ASAN Kommunal” mərkəzlərində isə “Azərişıq” ASC, “Azərsu” ASC və “Azəriqaz” İB tərəfindən 55 növ xidmət göstərilir.

Bu günədək “ASAN xidmət” mərkəzlərinə 9 milyona yaxın vətəndaşın 70 milyona yaxın müraciəti daxil olub.

Keçirilən rəy sorğularına əsasən vətəndaşların xidmətlərdən məmnunluq əmsalı 99,8 faiz təşkil edir.

Regionlarda 10 səyyar “ASAN xidmət” avtobusu və səyyar “ASAN qatar” vasitəsilə vətəndaşlara səyyar formada xidmətlərin göstərilməsi davam etdirilir. 2013-cü ilin iyun ayından etibarən 2 milyon 926 mindən çox vətəndaşa səyyar formada xidmət göstərilib.

Könüllülər "ASAN xidmət" konsepsiyasının bir komponentidir

Könüllülər “ASAN xidmət”in fəaliyyətə başladığı ilk gündən etibarən bu konsepsiyanın bir komponentidir. Bu prosesə 35 mindən çox könüllü gənc qoşulub. Bu günə kimi könüllülər tərəfindən 5 min 500-dən çox təlim, 850-dən çox yerli və beynəlxalq layihə keçirilib və 3 min 300-dən çox könüllü “ASAN Kadr” portalı vasitəsilə işlə təmin olunub.

Milli brendimiz olan ASAN intellektual məhsul kimi həm də ixrac olunur. Dövlət Agentliyi 20-dən çox ölkə və beynəlxalq təşkilatla müqavilə imzalayıb. Həmin çərçivədə İtaliya, Böyük Britaniya, Birləşmiş Ərəb Əmirlikləri, Türkiyə, Monteneqro, Estoniya, Koreya, İndoneziya, Mərakeş, Özbəkistan, Uqanda, və s. kimi ölkələrin müvafiq sahələr üzrə fəaliyyət göstərən qurumları, eləcə də ICESCO, UCLG Afrika və İslam İnkişaf Bankı (IsDB) ilə imzalanmış Anlaşma Memorandumlarını qeyd etmək olar. Həmçinin bir neçə ölkədən “ASAN xidmət” təcrübəsinin öz ölkələrində tətbiqi ilə əlaqədar müraciətlər daxil olub. Hazırda danışıqlar davam etdirilir.

ASANın sorağı BMT-dən gəldi

2015-ci ildə ASAN-ın səsi BMT-dən gəldi, həm də ən yüksək pillədən - birinci oldu. Birləşmiş Millətlər Təşkilatının Dövlət Xidmətləri mükafatına layiq görüldü. 2019-cu ildə isə BMT-nin Rəqəmsal İdarəetmənin tətbiqi ilə Dövlət Xidmətlərinin inkişafı sahəsində mükafatını aldı.

“ASAN xidmət” 2023-cü il fevral ayında Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən 10-cu Dünya Hökumət Sammitində “Qlobal Hökumət Mükəmməlliyi Mükafatı” Proqramı çərçivəsində “Dünyanın Ən Qabaqcıl Dövlət Xidməti” seçildi və xüsusi mükafata layiq görüldü.

2019-cu ilin iyun ayında isə Bakıda keçirilən BMT Dövlət Xidmətləri Forumu çərçivəsində “Dövlət Xidmətləri Göstərən Qurumların ASAN Beynəlxalq Assosiasiyası”nın (“ASAN Assosiasiyası”) yaradılması barədə Niyyət Bəyannaməsi imzalanmışdır. Bəyannaməni Azərbaycan, Birləşmiş Ərəb Əmirlikləri, Əfqanıstan, İndoneziya, Mərakeş, Monteneqro, Türkiyə və Uqandanın dövlət xidmətləri göstərən müvafiq qurumlarının rəhbərləri imzalayıblar.

“ASAN Assosiasiyası”nın əsas məqsədi dövlət xidmətləri və onun göstərilməsinin səmərəli idarə edilməsi sahəsində yaranan aktual problemlər və müasir çağırışların həll edilməsi yollarını və vasitələrini müzakirə etmək; dövlət xidmətlərinin göstərilməsi strategiyası və onun həyata keçirilmə çərçivəsini yaratmaq məqsədilə mütəxəssislər və ekspertlərin institusional şəbəkəsini təşkil etməkdir.

2022-ci ilin may ayında Dövlət Agentliyi və UCLG Afrika təşkilatının təşəbbüsü, eləcə də Mərakeş Merlər Assosiasiyasının (AMPCC) tərəfdaşlığı ilə “UCLG Afrika – ASAN –Yerli Afrika Dövlət Xidməti Mükafatı” təsis olunub.

Mükafatın yaradılmasının əsas məqsədi Afrika qitəsinin Yerli və Regional Hökumətləri tərəfindən yerli idarəetmə və ictimai xidmətlərin göstərilməsi zamanı qarşılaşılan çətinliklərin azaldılması və ya aradan qaldırılmasına yönəlmiş yeni həllərin, innovasiyaların, uğurlu təcrübə və təşəbbüslərin beynəlxalq səviyyədə tanıdılması və mükafatlandırılmasıdır. İlk qaliblər Bakıda keçirilmiş “Müasir İdarəetməyə Gedən Yol: Dayanıqlı və İnnovativ Dövlət Xidmətlərinə Doğru” mövzusunda keçirilən beynəlxalq Forum çərçivəsində mükafatlandırılıb.

2018-ci il martın 22-də və 2023-cü il aprelin 3-də tarixində Cenevrədə BMT-nin İnsan Hüquqları Şurasının müvafiq olaraq 37-ci və 52-ci sessiyaları çərçivəsində Azərbaycanın təşəbbüsü ilə “Dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması vasitəsilə insan hüquqlarının və Davamlı İnkişaf Məqsədlərinin təşviqi” adlı qətnamələr yekdilliklə qəbul edilib.

Qətnamənin irəli sürülməsində məqsəd ölkəmizin korrupsiyaya qarşı mübarizə sahəsində mühüm nailiyyətlərindən olan və Azərbaycanın beynəlxalq müstəvidə brendinə çevrilmiş “ASAN xidmət” konsepsiyasına əsaslanan “dövlət xidmətlərinin şəffaf, məsuliyyətli və səmərəli çatdırılması” prinsipinin BMT sistemi daxilində təşviq edilməsidir.