logo

Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb

14:34 20-12-2023 | icon 1190
Paytaxtda “Kənddən Şəhərə” Yeni il yarmarkaları fəaliyyətə başlayıb

Kənd Təsərrüfatı Nazirliyi Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə “Kənddən Şəhərə” yarmarkaları təşkil edib. Bu gün paytaxtda fəaliyyətə başlayan yarmarkalar 30 dekabr tarixinədək davam edəcək.

Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən YeniAvropa-ya bildirilib ki, yarmarkalarda əvvəlcədən qeydiyyatdan keçmiş 42 regiondan 80-dən çox fermer iştirak edir. Onlar 100-ə qədər çeşiddə kənd təsərrüfatı və qida məhsullarının satışını həyata keçirirlər.

“Kənddən Şəhərə” Yeni il yarmarkalarının təşkilində əsas məqsəd bayramla əlaqədar şəhər sakinlərinin kənd təsərrüfatı və qida məhsullarına olan tələbatlarını dolğun şəkildə qarşılamaq və fermerlər üçün alternativ satış kanalı yaratmaqdır.

Yarmarkalarda satışa çıxarılan məhsulların kеyfiyyətinə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi nəzarət edir. Vətəndaşlar satışa çıxarılan istənilən məhsulun keyfiyyət göstəricilərini öyrənmək üçün Səyyar Qida Laboratoriyasının xidmətlərindən faydalana bilərlər.

Qeyd edək ki, “Kənddən Şəhərə” Yeni il yarmarkalarında iştirak tamamilə ödənişsizdir. Burada fermerlər piştaxta, tərəzi, soyuducu, digər ləvazimat və avadanlıqlarla təchiz olunmaqla öz məhsullarını şəhər sakinlərinə təqdim edirlər. Məhsullarının daşınmasında çətinlik yaşayan fermerlərə təşkilatçı qurum tərəfindən logistika dəstəyi göstərilir.

“Kənddən Şəhərə” Yeni il yarmarkaları aşağıdakı ünvanlarda keçirilir:

Nərimanov rayonu, Fətəli xan Xoyski küçəsi, 5 (metronun “Gənclik” stansiyasının yanı);

Binəqədi rayonu, Süleyman Sani Axundov küçəsi, 5B (“İnqilab” kinoteatrının yanı).