logo

Cevdet Yılmaz Bakıda “İş dünyasının görüşü”ndə iştirak edib

21:19 19-12-2023 | icon 1785
Cevdet Yılmaz Bakıda “İş dünyasının görüşü”ndə iştirak edib

Dekabrın 19-da Bakıda Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın iştirakı ilə “İş dünyasının görüşü” adlı tədbir keçirilir.

YeniAvropa xəbər verir ki, “Türkiyə Yüz İli Birlik və Həmrəylik Platforması Azərbaycan” tərəfindən təşkil olunan tədbirdə Azərbaycanda fəaliyyət göstərən iş adamları iştirak ediblər.

Türkiyənin vitse-prezidenti Cevdet Yılmaz bildirib ki, Azərbaycan ilə Türkiyə arasında münasibətlər çox dərindir. Bunun bariz nümunəsi iki ölkə arasında siyasi səfərlərin sıxlığıdır. Son bir ay ərzində Azərbaycan və Türkiyə prezidentləri bir neçə dəfə görüşüblər. Ölkələrimiz arasında münasibətlər digər dövlətlər üçün nümunədir, çox güclü siyasi əlaqələrimiz var.

“Biz istəyirik ki, Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlət” şüarı ilə inkişaf edən bu əməkdaşlıq iqtisadi sahədə də özünü büruzə versin və iş adamlari ilə birlikdə daha da irəli gedəcəyik. Dostluq münasibətlərinə əsaslanan əlaqələr digər qardaş ölkələri də əhatə edərək çoxtərəfli format alıb və biz bölgədə də rifah əldə etmək üçün birlikdə fəaliyyət göstəririk. İnanırıq ki, Azərbaycanla Türkiyənin birgə inkişaf etdirdiyi bu münasibətlər bütün Qafqazda sabitliyə gətirib çıxaracaq”, - deyə Cevdet Yılmaz bildirib.

Türkiyə bütün təcrübələri ilə Azərbaycanın yanında olduğunu, Türkiyə-Azərbaycan əlaqələrinin hər sahədə inkişaf etdirilməsi üçün səy göstərdiklərini vurğulayan səfir Cahit Bağcı deyib: “Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyənləşdirilən 15 milyard dollarlıq ticarət dövriyyəsi hədəfinə çatmağa çalışırıq. Bu çərçivədə ticarətimiz 2023-cü ilin ilk on ayında altı milyard dollardan çox olub. Hazırda Türkiyə Azərbaycanın ikinci ən böyük ticarət tərəfdaşıdır”.

Qeyd edək ki, Cevdet Yılmazın ölkəmizə səfəri çərçivəsində bir sıra görüşlər keçirəcək.

file..01+01-01