logo

Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

18:19 19-12-2023 | icon 1505
Bakıda Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək

Dekabrın 21-də İqtisadiyyat Nazirliyi Türkiyə Respublikası Prezidentinin Maliyyə ofisinin, Türkiyənin Ticarət Nazirliyinin dəstəyi, İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO və Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçiləri İctimai Birliyinin(TÜİB) birgə təşkilatçılığı ilə Bakıda Ulu Öndər Heydər Əliyevin anadan olmasının və Türkiyə Cümhuriyyətinin yaradılmasının 100-cü il dönümünə həsr olunmuş Azərbaycan-Türkiyə İnvestisiya Forumu keçiriləcək.

İqtisadiyyat Nazirliyindən YeniAvropa-ya bildirilib ki, tədbirdə hər iki ölkədən dövlət qurumları və özəl sektoru təmsil edən 600-dən çox nümayəndə iştirak edəcək. Azərbaycan-Türkiyə əməkdaşlığının müxtəlif istiqamətlər üzrə genişləndirilməsi imkanları nəzərdən keçiriləcək, investisiya üzrə əməkdaşlıq sazişi və müqavilələri imzalanacaq.

Forum çərçivəsində investisiya, ticarət, kənd təsərrüfatı, müdafiə sənayesi, “yaşıl” enerji, sağlamlıq turizmi sektorlarını əhatə edən panel sessiyalar keçiriləcək.

Bununla yanaşı, sahibkarlar arasında B2B görüşlər təşkil olunacaq.