logo

Bakıda növbəti Karyera İnkişaf Forumu keçirilir

10:10 19-12-2023 | icon 847
Bakıda növbəti Karyera İnkişaf Forumu keçirilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin təşkilatçılığı ilə ölkəmizdə növbəti dəfə Azərbaycan Karyera İnkişaf Forumu keçirilir.

YeniAvropa xəbər verir ki, forumda əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, gənclər və idman nazirinin müavini Fərhad Hacıyev, elm və təhsil nazirinin müavini İdris İsayev, Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Mustafa Abbasbəyli, Milli Məclisin deputatları, dövlət və özəl qurumların nümayəndələri, karyera məsləhətçiləri, yerli və xarici spikerlər, insan resursları mütəxəssisləri, top menecerlər, təhsil ekspertləri və inkişaf mentorları iştirak edirlər.

“Yenilikləri fürsətə çevir!” devizi ilə təşkil olunan builki forumun məqsədi karyera inkişafı üzrə yerli və qlobal nailiyyətləri, müasir yanaşmaları, rəqabətli mühitdə kadr ehtiyatının formalaşdırılması üçün effektiv ali təhsil strukturunun qurulması mexanizmlərini, daim dəyişən dünyada tələb olunan bacarıqları və karyera sahəsində müasir tələb-təklif trendlərini analiz edərək düzgün nəticə çıxarmağa imkan yaratmaqdır.

Forumda məşğulluq xidmətləri sahəsində innovativ həllərin tətbiqi və rəqəmsallaşdırma işlərindən bəhs olunub. Son 5 ildə məşğulluq orqanları tərəfindən 1 milyondan çox şəxslə müxtəlif istiqamətlər üzrə iş aparıldığı, peşə hazırlığı sisteminin təkmilləşdirilməsi və şəbəkəsinin genişləndirilməsi üçün aparılan işlər qeyd edilib. Peşəyönümü məsləhət xidməti sahəsində görülən tədbirlər diqqətə çatdırılıb.

Qeyd olunub ki, bu forum əmək bazarının mövcud vəziyyəti, gələcəyin ən vacib əmək bacarıqları və onlara yiyələnmək yolları barədə məlumatlığı artırmağa, bu mövzuda dövlət, biznes və qeyri-hökumət sektorları üçün ortaq müzakirə platforması yaratmağa imkan verir.

Forum işini panel iclasları ilə davam etdirəcək.