logo

MİDA  bu gün 432 güzəştli mənzili satışa çıxarıb

12:12 16-12-2023 | icon 1078
MİDA  bu gün 432 güzəştli mənzili satışa çıxarıb

Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) layihələri – Hövsan Yaşayış Kompleksinin birinci mərhələsi, Hövsan Yaşayış Kompleksinin ikinci mərhələsi, Gəncə Yaşayış Kompleksi və Sumqayıt layihəsində yerləşən ümumilikdə 432 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə “Elektron hökumət” portalı üzərindən “Güzəştli mənzil” sistemi vasitəsilə satışı prosesinə bu gün saat 11:00-da başlanılıb və mənzillərin seçimi qısa müddətdə başa çatıb.

YeniAvropa xəbər verir ki,  mənzillərin seçimi prosesi MİDA-nın inzibati binasında yaradılmış operativ qərargahda Dövlət Təhlükəsizliyi Xidmətinin, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi və "AzInTelecom” MMC-nin və media nümayəndələrinin iştirakı ilə müşahidə edilib.

Seçim mərhələsi başa çatdıqdan sonra isə MİDA nümayəndəsi “Güzəştli mənzil” sistemində aparılan təkmilləşdirmə işləri və xüsusi proqram təminatları vasitəsilə mənzil seçiminin daha sürətli edilməsinin qarşısının alınması məqsədilə seçim prosesinə tətbiq edilən əlavə təhlükəsizlik tədbirlərini əyani olaraq nümayiş etdirib.

“Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası”na uyğun olaraq gözləmə qaydasında mənzillərin seçimi isə 19 dekabr, saat 11:00-da başlayacaq və 23 dekabr, saat 11:00-dək davam edəcək.

Qaydaya əsasən satış müddətində seçilmiş bir mənzil həmin elan çərçivəsində daha iki şəxs tərəfindən də ardıcıl olaraq gözləmə qaydasında seçilə bilər. Bunun üçün, istifadəçi müəyyən edilmiş müddət ərzində “Güzəştli mənzil” sistemində elektron kabinetində müvafiq bölməyə daxil olaraq ödəniş üsulu, mənzil seçimi üsulu və layihəni seçərək mənzili axtarır. Mənzilə baxış mərhələsində bir neçə istifadəçi eyni mənzilə baxış keçirə bilər və “Təsdiq et” düyməsini sıxan ilk 2 şəxs həmin mənzili gözləmə qaydasında seçə bilər. Daha sonra istifadəçi gözləmə qaydasında seçdiyi mənzilin ərizəsini imzalayıb təqdim etməlidir. Əgər hər hansı bir səbəbdən mənzil onu seçmiş şəxs tərəfindən əldə edilmədikdə, ilk olaraq həmin mənzil gözləmə qaydasında birinci sırada seçmiş şəxsə təklif ediləcək. Eyni qaydada, əgər mənzil hər hansı bir səbəbdən birinci sırada seçmiş şəxs tərəfindən də əldə edilməsə, həmin mənzil gözləmə qaydasında ikinci sırada seçmiş şəxsə təklif ediləcək.

Bu gün seçilmiş mənzillər barədə statistik məlumatlar ictimaiyyətə təqdim olunacaq.