logo

Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda torpağa tapşırılıb

16:59 14-12-2023 | icon 1365
Xalq artisti Ramiz Məlik II Fəxri xiyabanda torpağa tapşırılıb

Dekabrın 14-də vəfat edən xalq artisti, Azərbaycanın görkəmli teatr və kino aktyoru, Dövlət mükafatı laureatı, Prezident təqaüdçüsü, “Şöhrət” ordenli Ramiz Məliklə Heydər Məscidində vida mərasimi keçirilib.

YeniAvropa xəbər verir ki,  mərasimdə mərhumun yaxınları, sənət dostları, tanınmış mədəniyyət və incəsənət xadimlər iştirak ediblər.

Çıxışlarda qeyd edilib ki, Ramiz Məlik 4 avqust 1943-cü ildə Bakıda doğulub. 1963-cü ildə Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olub. Rza Təhmasibdən, Tofiq Kazımovdan, Məlik Dadaşovdan dərs alıb. 1967-ci ildə həmin ali təhsil ocağının məzunu olub.

1967-ci ildə Akademik Milli Dram Teatrının truppasına aktyor götürülüb. Ramiz Məlik ötən illər ərzində bu sənət ocağının səhnəsində dünya və milli dramaturgiya nümunələri əsasında hazırlanmış tamaşalarda 100-ə yaxın rolda uğurla çıxış edib.

Aktyorluq etməklə yanaşı, Leonard Frankın "Yad adam" (quruluşçu rejissor Oruc Qurbanov), İlyas Əfəndiyevin "Xurşidbanu Natəvan" (quruluşçu rejissor Mərahim Fərzəlibəyov) və s. pyeslərinin tamaşaya hazırlanmasında rejissor və rejissor assistenti kimi çalışıb.

Ramiz Məlik Azərbaycan Dövlət Televiziyasının hazırladığı Ənvər Məmmədxanlının "Şərqin şəhəri" (Bəhruz), Əlibala Hacızadənin "İnanmırsansa…"(Adil), Nəriman Həsənzadənin "Kimin sualı var?" (Ədalət) və s. əsərlərin tamaşalarında oynayıb.

O, 1984-cü ildə Azərbaycan Dövlət mükafatına layiq görülüb, 1982-ci ildə Əməkdar artist, 1998-ci ildə isə xalq artisti fəxri adları ilə təltif olunub.

Vida mərasimi başa çatandan sonra görkəmli sənətkarın ruhuna dualar oxunub və cənazəsi son mənzilə yola salınıb.

Mərhum II Fəxri xiyabanda torpağa tapşırılıb.

Azərbaycan prezidenti və birinci vitse-prezidenti adından sənətkarın məzarı önünə əklil qoyulub.

Məzarın ətrafına müxtəlif təşkilatlar və kollektivlər adından da əklillər düzülüb.

Allah rəhmət eləsin!