logo

Belarusdan gətirilən 40 ton kartofun satışına qadağa qoyuldu

15:30 12-12-2023 | icon 1288
Belarusdan gətirilən 40 ton kartofun satışına qadağa qoyuldu

“Lars 77” MMC-nin müraciəti əsasında Belarus Respublikasından idxal olunan ərzaqlıq kartof məhsulundan nümunələr götürülərək Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib.

YeniAvropa xəbər verir ki, bu barədə Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Müayinələr nəticəsində ümumi çəkisi 20 min 980 kiloqram ərzaqlıq kartof məhsulu partiyasında karantin tətbiq edilən orqanizm - kartofun qonur çürüməsi, ümumi çəkisi 20 min 450 kiloqram ərzaqlıq kartof məhsulu partiyasında isə karantin tətbiq edilən orqanizm - kartof yumrularında halqavari bakterial çürümə aşkar edilib.

Faktla bağlı qanunvericiliyə uyğun olaraq istehlaka yararsız məhsulun gömrük ərazisinin hüdudlarından kənarlaşdırılması, məhv edilməsi və ya utilizasiyası barədə qərar qəbul edilib.