logo

Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib

15:55 07-12-2023 | icon 840
Erməni diversant 18 il müddətinə azadlıqdan məhrum edilib

Kəlbəcər istiqamətində tutulmuş erməni diversant Voskanyan Qaqik Aşotinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

YeniAvropa xəbər verir ki, Sabunçu rayon Məhkəməsinin inzibati binasında Gəncə Ağır Cinayətlər Məhkəməsinin hakimi Abdulla Məmmədovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən şəxs 18 il müddətinə azadlıqdan məhrum edilib.

Hökmə əsasən, o, cəzasının ilk 5 ilini qapalı, qalanını isə ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir.

Prokuror təqsirləndirilən Qaqik Voskonyanın 18 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.

Qeyd edək ki, bu il avqustun 16-da Azərbaycan-Ermənistan dövlət sərhədinin Kəlbəcər rayonu ərazisindən keçən hissəsində Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat-diversiya qrupu tərəfindən terror-təxribat əməliyyatları həyata keçirmək məqsədilə Azərbaycan Respublikasının dövlət sərhədinin pozulması faktı ilə bağlı Baş Prokurorluq tərəfindən cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

Qeyd olunan qanunsuz əməllərin qarşısı alınan zaman saxlanılmış Ermənistan silahlı birləşmələrinin üzvü Voskanyan Qaqik Aşotinin Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursatının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan istifadə etməklə terrorçuluq), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Respublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilməklə barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.